Azərbaycanda yaşayış evlərinin 67%-i SSRİ zamanında tikilib

Azərbaycanda mövcud olan yaşayış evlərinin (mənzillərin) cəmi 1,1%-i 2020-ci ildən sonra tikilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, yaşayış evlərinin yarıdan çoxu – 66,6%-i keçmiş SSRİ zamanında tikilib.
Azərbaycan müstəqillik əldə etdikdən sonra ən çox ev 1991-2000-ci illərdə tikilib. Ölkədə mövcud olan evlərin 16,2% bu illərdə inşa olunub. Bundan başqa evlərin 8,6%-i 2001-2010-cu, 7,5%-i isə 2011-2020-ci illərdə tikilib.
Onu da bildirək ki, evlərin 0,5%-i 1919-cu ilə qədər olan dövr ərzində inşa olunan tarixi tikililər hesab olunur. 1919-cu ilə qədər olan dövr ərzində tikilən evlər Bakı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qazax Tovuz və Şəki Zaqatala bölgələrində mövcud olub.
Açıqlanan rəsmi məlumatda diqqət çəkən məqamlardan biri odur ki, Qazax-Tovuz iqtisadi rayonunda (Ağstafa, Gədəbəy, Qazax, Şəmkir, Tovuz rayonları) 2020-ci ildən sonra yaşayış evi tikilməyib.
Şərqi-Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan rayonları) üzrə isə yaşayış evlərinin 40%-i 2011-2020-ci illərdə tikilib.