"Zəngəzur dəhlizi" ilə başlayaraq onunla da bitən "geosiyasət" və ya Avropa Birliyi - Mərkəzi Asiya əməkdaşlığı bizə nələri vəd edir!?

Mərkəzi Asiyanın (bundan sonra MA) türkdilli dövlətlərinin Kiprdə (Cənubi Kipr) səfirlik açmaq barədə Avropa Birliyi (bundan sonra AB) ilə anlaşması Azərbaycanın siyasi həyatında xeyli müzakirələr doğurur. Kimsə həmin addımı türk dünyasına qarşı demarş kimi dəyərləndirdi, kimsə də hətta "xəyanət" adlandırır.
Bəzi türkiyəli ekspertlər isə baş verənlərin geosiyasi fəlakət olduğunu bildirirlər. Bəs əslində baş verən nədir? Nədən MA ölkələri, o cümlədən də 4 türkdilli dövlət bu addımı atdı? Ümumiyyətlə, ictimai-siyasi dairələr üçün sanki gözlənilməz olan bu qərarın arxasında hansı amillər, səbəblər və maraqlar dayanır?
Bunun üçün hər şeydən əvvəl AB - MA əlaqələrinin inkişaf dinamikasına nəzər salmaq zəruri olardı. Həmin əlaqələr isə heç də yeni deyil. Siyasi və iqtisadi baxımdan Rusiya ilə Çin arasında rəqabət meydanı olan regionun AB ölkələri ilə də daim əhəmiyyətli iqtisadi əlaqələri mövcud olub.
Regionun xarici ticarət dövriyyəsində 2023-cü il də daxil olmaqla AB-nin payı 30% təşkil edib, 2024-cü ildə isə həmin əlaqələr daha 23% artıb. Bunun əsas hissəsini təşkil edən Qazaxıstan neftinin ixracının 70% AB-nin payına düşür. Bununla da AB Çinlə bu sahədə rəqabətə başlayıb.
Xatırladım ki, 2020-ci illərin əvvəllərinədək MA ölkələrinin ticarət dövriyyəsində birincilik Rusiyaya məxsus olsa da, sonrakı dövrdə Çin irəli çıxıb. Bu da öz növbəsində həmin ölkələrin həm də siyasi baxımdan Rusiya və Çin arasında "sıxılmasına" zəmin yaratmışdır.
Bunun ən bariz nümunəsi 2022-ci ilin yanvarında guya "dövlət çevrilişi həyata keçirmək istəyən terrorçulara qarşı mübarizə" adı altında Qazaxıstana hərbi müdaxilə edən Rusiyanın sayılı günlər ərzində Çin tərəfindən sıxışdırılaraq çıxarılması olmuşdur.
Belə məhdud siyasi seçim imkanları ilk növbədə MA ölkələri üçün pozitiv heç nə vəd edə bilməzdi. Görünür elə həmin səbəbdən də Çinlə Rusiya arasında manevr etməyə məcbur qalan MA ölkələrinin xarici siyasətində "balans" amili daim üstünlük təşkil etmişdir.
Amma regionun coğrafi mövqeyi və keçdiyi tarixi-siyasi təcrübəsi ona başqa alternativlər vəd etmirdi ki, bu da MA ölkələrinin uzun müddət onlarla təhdid dilində davranan Rusiya ilə ondan daha ciddi təhdid mənbəyi olan Çin arasında manevrdən artıq imkan yaratmırdı.
Bu mənada AB ilə Qazaxıstan arasında 2020-ci ildə və 2024-cü ildə Qırğızıstanla imzalanan, həmçinin 2024-cü ildə Tacikistanla başladılan danışıqlar və Özbəkistanla qurulan təmaslar AB ilə region ölkələri arasında siyasi əməkdaşlığın sürətlənməsinə yol açmışdır.
AB ilə MA arasında qurulan yeni (siyasi) münasibətlər formatında ilk növbədə əsas rol oynayan ölkələr isə AB-nin aparıcı güc mərkəzləri olan Almaniya və Fransa idi. Bu əlaqələrin inkişafında açar rol oynayan mühüm hadisələrdən biri də 2023-cü ildə baş vermişdir.
Bu, "Avropa Birliyi - Mərkəzi Asiya Əlaqələrinin Genişləndirilməsinə Dair Birgə Yol Xəritəsi" adlanan sənədin imzalanması idi. Sənəddə 5 prioritet istiqamət üzrə (siyasi dialoq, təhlükəsizlik, kritik materiallar və enerji, nəqliyyat və rəqəmsal əlaqələr, humanitar) 79 fəaliyyət planı nəzərdə tutulmuşdur.
Müqayisə üçün qeyd edək ki, cəmi 4 il ondan əvvəl (2019) "Avropa Birliyinin Mərkəzi Asiya Üzrə Strategiyası" adlanan sənəddə cəmi 3 prioritet istiqamət - regional əməkdaşlıq, sabitlik və idarəetmə, iqtisadi artım və kommunikasiyalar) nəzərdə tutulmuşdur.
Buradan aydın görünür ki, AB-nin MA regionuna dair öncədən planlaşdırılmış strateji əməkdaşlıq proqramı mövcud olub və həmin proqram da mərhələli şəkildə həyata keçirilib. Bunlardan başqa Transxəzər layihələr, təhsil və maarifləndirmə sahəsində də əməkdaşlıq daim mövcud olub.
Məsələn, Azərbaycanda dövlət səviyyəsində boykot olunan "Erasmus" təhsil proqramı uzrə AB 2021-27 illər üçün MA ölkələrinə 73 milyon Avro həcmində vəsait ayırıb. Bundan başqa orta təhsil, səhiyyə və gənclərin işlə təmin olunmasına dair müvafiq əməkdaşlıq proqramları da həyata keçirilir.
Bütün sadalananlar AB ilə MA ölkələri arasında həyata keçirilən əməkdaşlıq planlarının və proqramlarının heç də hamısı deyil. Odur ki, bu lin 3-4 aprelində Səmərqənddə keçirilən "Birinci Avropa Birliyi - Mərkəzi Asiya Sammiti" və onun qərarları heç də sürpriz kimi görünməməlidir.
Bəs AB ilə MA ölkələri arasında qurulmaqda olan çoxşaxəli əməkdaşlıq yaxın və uzaq prespektivdə tərəflərə, həmçinin də Mərkəzi Asiyaya qonşu olan region ölkələrinə nələri vəd edir? O cümlədən də Cənubi Qafqaza, onun bir parçası olan Azərbaycana və həmçinin də Türkiyəyə.
(davamı var)
Ərəstun Oruclu, politoloq