Azərbaycanda 1 milyondan çox ev kanalizasiya xəttinə qoşulmayıb – Rəsmi

Ötən il Azərbaycanda ev təsərrüfatlarının (ailələrin) sayı təxminən 2 milyon 434 min olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ev təsərrüfatının 44,4%-i və ya 1 milyon 81 min ev mərkəzləşdirilmiş kanalizasiya xəttinə qoşulmayıb.
Qeyd edək ki, şəhər yerində evlərin 13,5%-i, kənd yerlərində isə evlərin 82,9%-i mərkəzləşdirilmiş kanalizasiya xəttinə qoşulmayıb.
Bu sahədə ən yaxşı göstərici Bakı və Abşeron-Xızı iqtisadi rayonlarında (Abşeron, Xızı rayonları və Sumqayıt şəhəri) qeydə alınıb. Abşeron-Xızı iqtisadi rayonunda mövcud olan evlərin hamısı, Bakı şəhərində isə 92,9%-i mərkəzləşdirilmiş kanalizasiya xəttinə qoşulub.
Ən aşağı göstərici isə Lənkəran-Astara iqtisadi rayonunda (Astara, Cəlilabad, Lənkəran, Lerik, Masallı, Yardımlı rayonları) qeydə alınıb. Bu iqtisadi rayonda evlərin cəmi 9,3%-i mərkəzləşdirilmiş kanalizasiya xəttinə qoşulub.