Ronaldo kino biznesinə girir

Apr 11, 2025 - 14:08
Ronaldo kino biznesinə girir

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo və britaniyalı kinorejissor Metyu Von “UR•Marv” adlı birgə kinostudiya qurublar.

Yeninavaz.com xəbər verir ki, bu barədə “Variety” jurnalı məlumat yayıb.

Məlumata görə, yeni kinostudiyanın əsas hədəfi ənənəvi kino çərçivəsini qırmaq və innovativ texnologiyadan istifadə etməkdir.

Tərəfdaşlıq artıq ilk nəticələrini verib: Ronaldo və Vonun “UR•Marv” vasitəsilə birlikdə maliyyələşdirdiyi və istehsal etdiyi iki döyüş filmi tamamlanıb. Üçüncü film isə tamamlanma mərhələsindədir. Hər üç film eyni serialın bir hissəsini təşkil edir.

İlk filmin anaonsları tezliklə açıqlanacaq.

“Bu, mənim üçün maraqlı bir fəsildir, çünki biznesdə yeni başlanğıcları səbirsizliklə gözləyirəm”, - Ronaldo bildirib.

“Kriştianu futbol meydançasında heç vaxt yaza bilmədiyim hekayələr yaradır. Onunla ilhamverici filmlər çəkməyi səbirsizliklə gözləyirəm, o, əsl superqəhrəmandır”, - Von qeyd edib.

Vonun güclü və dinamik əsərləri döyüş janrında xüsusi yer tutur. Onun karyerasında “Layer Cake” (2004), “Kick-Ass” (2010) və “X-Men: First Class” (2011) kimi filmlər əsas yer tutur.