Avropa Birliyi - Mərkəzi Asiya əməkdaşlığı bizə nələri vəd edir!? (İİ yazı)

Apr 16, 2025 - 10:18
Avropa Birliyi - Mərkəzi Asiya əməkdaşlığı bizə nələri vəd edir!? (İİ yazı)

Yazının əvvəlini buradan oxuya bilərsiz...https://aztoday.org/zengezur-dehlizi-ile-baslayaraq-onunla-da-biten-geosiyaset-ve-ya-avropa-birliyi-merkezi-asiya-emekdasligi-bize-neleri-ved-edir

4 aprel 2025 tarixdə imzalanan AB-MA birgə bəyanatında deyilir:

"Biz sülh, təhlükəsizlik və demokratiya naminə əməkdaşlığa, beynəlxalq hüquqa, o cümlədən BMT Nizamnaməsinə və bütün dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə hörmətin əsas prinsiplərinə tam hörmət etməyə sadiqik."
Bəyanatdan siyasi etiket naminə və şablon olaraq yazılmış "demokratiya" sözünü çıxarsaq, göstərilən qalan bütün məsələlər Rusiya və Çin arasında yerləşən MA ölkələrinin hamısı üçün strateji əhəmiyyət kəsb edir. Xüsusilə də ərazi bütövlüyünün təmin olunması.

Bunun praktikada necə təmin olunacağı və AB-nin həmin məsələlərdə hansı real dəstəyi verə biləcəyi isə başqa bir müzakirənin predmetidir. Amma hər halda Rusiya və Çin kimi dövlətlərlə qonşu olanların hamısı üçün göstərilənlər yetərincə həssas məsələdir. Xüsusilə də Qazaxıstan üçün.

Çünki istər Çinin, istərsə də Rusiyanın regiona olan iqtisadi təsirləri fonunda mədəni, siyasi və hətta hərbi ekspansiyanın da mümkünlüyü daim nəzərdə saxlanılmalıdır. Qazaxıstan isə bütün bu məsələlərdə MA "zəncirinin" ən kövrək həlqəsidir. Özü də təkcə coğrafi mövqeyinə görə deyil.

Regionun qalan ölkələrini Rusiyadan ayıran və Çinlə ən uzun sərhəddə malik olan Qazaxıstan həm də litium, berillium, manqan kimi zəruri metallar ehtiyatları baxımından dünyanın əsas ölkələrindən olmaqla yanaşı, həm də son illərdə 43% göstərici ilə dünyada ən böyük uran istehsalçısı olub.

Qazaxıstanın təsdiqlənmiş neft ehtiyatlarının həcminin isə 30 milyard barel olması bildirilir. Bundan başqa ölkə almaz, sapfir, yaqut, gümüş, qızıl və platin ehtiyatlarına da malikdir. Qazaxıstanda həm də böyük həcmdə dəmir ehtiyatlarının olması bildirilir.        

Ümumiyyətlə, mövcud olan təbii ehtiyatların 70% malik olan Qazaxıstan bu baxımından ən zəngin ölkələrindən biridir ki, bu da onun təkcə üstünlüyü deyil, daha çox hədəfə gəlməsinə şərait yaradır. Xüsusilə də etnik və regional müxtəlifliyə malik olan oturuşmamış dövlətçilik sistemi olmayan bir ölkə kimi.

Buraya Özbəkistanın və Türkmənistanın da malik olduqları təbii ehtiyatları əlavə etdikdə bütövlükdə regionun cəlbediciliyi mübahisə doğurmur. Elə həmin səbəbdən də MA regionunun dünya güclərinin istisnasız olaraq hamısının diqqət mərkəzində olması tamamilə anlaşılandır.

Amma belə cəlbedicilik MA-nın həm də "fillərin döyüş meydanına" çevrilməsinə zəmin yaradır. Həmin səbəblər də region ölkələrini balanslı xarici siyasət yürütməyə məcbur edir.  Eyni zamanda da mövcud rəbii resursların hasilatı üçün zəruri olan maliyyə vəsaitlərinə və texnologiyalara ehtiyac baxımından. 

Hər bir halda regiona artan maraqlar yeni risklərlə yanaşı bu ölkələrin manevr imkanlarını da genişləndirir. Hərçənd müasir dünyada mübarizə təbii ehtiyatlara sahib və ya şərik olmaqla yanaşı, həm də mühüm qlobal kommunikasiyalara nəzarət və ya təsir uğrunda gedir.

Bu mənada da MA regionu mühüm geosiyasi əhəmiyyət kəsb edir. Çünki ABŞ-ın bugünkü administrasiyasının yeni xarici siyasət prioritetləri fonunda fəaliyyət imkanlarını diversifikasiya etməyə çalışan AB üçün Çin ən mühüm iqtisadi və ticari partnyora çevrilir.

Çin-Avropa ticarət əlaqələrinin təmin edilməsi üçün əsas kommunikasiya seçimlərindən biri də xeyli dərəcədə MA ölkələri üzərindən keçən "Şərq-Qərb Dəhlizi"dir. Qarşılıqlı maraq kəsb edən Çin-Avropa iqtisadi əlaqələri MA regionunda sabitliyin qorunmasına müəyyən dərəcədə təminat versə də, eyni zamanda onların arasında regiona təsir uğrunda rəqabti də arxa plana keçirmir. Hələlik isə MA  təsir uğrunda mübarizə əsasən regionu özünün "arxa bağçası" saymaqla bir-birini əsas rəqib kimi görən Çin və Rusiya arasında gedir. Həmin mübarizədə də hər bir ölkənin öz təsir vasitələri mövcuddur.

MA-nın əsas iqtisadi partnyoru Çin olsa da, regiona əsas siyasi təsir vasitələri hələlik Rusiyanın əlindədir. Bütün bunlarla yanaşı MA-ya təsir uğrunda mübarizəyə qoşulan AB ilə yanaşı regiona öz iqtisadi təsirini artıqmaqda olan ABŞ, Cənubi Koreya, Türkiyə və Yaponiya da var.

Gördüyümüz kimi, MA regionuna maraq göstərən (Rusiya və Türkiyəni çıxmaq şərtilə) ölkələrin hamısı yüksək texnoloji və iqtisadi resurslara malik olan potensial tərəfdaşlardır. Belə iddialar var ki, Rusiya ilə Türkiyə isə daha çox siyasi-ideoloji təsir vasitələrinə malikdirlər.

Hərçənd MA ölkələrinin son addımları həmin təsirlərin rellıqda iddia edildiyi dərəcədə olmadığına dəlalət edir. Özəlliklə də bu ölkələrin Kiprdə səfirlik açmaq haqda qərarı. Amma təkcə həmin qərar yox və bununla təkcə Türkiyənin ünvanına verilmiş mesajla deyil. 

AB-MA birgə bəyanatında belə bir bənd də var: "Aİ və MA liderləri bütün beynəlxalq və regional forumlar çərçivəsində beynəlxalq hüquqa və yuxarıda sadalanan prinsiplərə hörmət etməyə sadiqdirlər. Bu kontekstdə Ukraynada BMT Nizamnaməsinin prinsiplərinə uyğun olaraq hərtərəfli, ədalətli və davamlı sülhün mümkün qədər tez əldə edilməsinin vacibliyini vurğuladılar".

Bu isə Moskvanın Ukraynaya qarşı apardığı işğalçı müharibəyə kollektiv münasibətin açıq ifadəsidir. Başqa cür də ola bilməzdi. Rusiya prezidenti başda olmaqla bu ölkənin bir çox rəsmilərinin Qazaxıstana qarşı ərazi iddialarına, MA ölkələrini "kvazidövlət" adlandırmasına ən adekvat cavab elə budur. 

(davamı var)

Ərəstun Oruclu, politoloq