Avropa Birliyi - Mərkəzi Asiya əməkdaşlığı bizə nələri vəd edir!?(İİİ YAZI)
"Zəngəzur dəhlizi" ilə başlayaraq onunla da bitən "geosiyasət"

Azərbaycanda AB-MA sazişi rezonans doğurdu, amma bu dəfə də tamamilə fərqli kontekstdə. Ictimai müzakirələr əsasən MA ölkələrinin Türkiyəyə xəyanəti, türk dünyasını parçalanması, AB-nin puluna satılması, Kiprdə səfirliklərin açılması ilə guya Türkiyəni işğalçı kimi tanınması kontekstində.
Yəni, hər zaman olduğu kimi, yenə də emosional-sentimental narrativlər önə çəkildi. Halbuki, həmin anlaşma özündə daha böyük geosiyasi yük daşıya bilər. Özü də ilk növbədə elə Azərbaycanın özü üçün. Amma hələlik MA ölkələrini bu sazişə sövq edən digər geosiyasi amillərə baxaq.
Əvvəlki yazıda qeyd etdiyim kimi, MA ölkələri üçün tərəfdaşlıq dairəsini genişləndirmək hər mənada ciddi səbəblərdən qaynaqlanır. Onların bəziləri əvvəlki yazılarda artıq qeyd olunub. Digərlərinin anlaşılması üçün məsələyə bir qədər də geniş bucaqdan baxmalı olacağıq.
Bunun üçün aşağıdakı amillər nəzərə alınmalıdır:
1. Kommunikasiyalar. MA qlobal kommunikasiyalara çıxış baxımından imkanları məhdud olan regiondur. Dünya okeanı ilə əlaqəsi olmadığından əsasən quru yollarından istifadə etmək qaçılmazdır. Bəs bu sahədə vəziyyət necədir?
Regionun nəzəri baxımdan "böyük bazarlara" 3 mümkün çıxış imkanı var: Əfqanıstanla Pakistandan keçməklə cənuba, Rusiya və Cənubi Qafqaz üzərindən isə qərbə. Cənub istiqamətində çıxış etmək olar ki, istisna olunur, özü də təkcə cənub qonşularda hökm sürən ictimai-siyasi reallıqlardan yox.
Əfqanıstanın mürəkkəb coğrafi relyefi, eyni zamanda da zəif inkişaf etmiş nəqliyyat-kommunikasiya şəbəkəsi bu vəzifəni xeyli dərəcədə çətinləşdirir. Bundan başqa həmin istiqamətdə dünya okeanına çıxmaq üçün Pakistan üzərindən də keçmək tələb olunur. Burada başqa bir maneə də var.
Pakistan üzərindən keçən yol artıq planlaşdırılıb və Çinin iştirakı ilə çəkilməkdədir. Rusiya üzərindən Avropaya çıxış böyük məsafəyə uzanan dəmir yolu vasitəsilə mümkündür. "Orta Dəhliz" vasitəsilə çıxış isə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasından asılıdır.
Müqavilənin imzalanması isə hələlik heç üfüqdə də görünmür. Üstəlik də "Orta Dəhliz" Xəzər dənizindən sonra daha 3 ölkə - Azərbaycan, Gürcüstan (və ya Ermənistan), Türkiyə üzərindən keçir. Belə olduqda cənub istiqamətində daha bir variant nəzərdən keçirilməli ola bilər- İran üzərindən.
MA-dan (Türkmənistandan) başlayaraq İran üzərindən keçməklə dünya okeanına çıxmaq mümkün variantlardan biri sayıla bilər. İranın şərq sərhədləri boyu relyef Əfqanıstandan çox fərqlənməsə də, nəqliyyat imkanları daha genişdir. O cümlədən də ölkənin cənubunda yerləşən Çabahar və Bəndər-Abbas limanları.
Son illər ərzində Çinin iştirakı ilə hər iki limanın yükötürmə imkanları da xeyli artırılmışdır. Xüsusilə də Hörmüz boğazından kənarda (Oman körfəzində) yerləşən dərinsulu Çabahar limanının. Bu liman həmçinin eyni zamanda həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizinin mühüm elementi ola bilər.
Bunu da qeyd etmək yerinə düşərdi ki, Pekinlə Tehran arasında imzalanmış 25 illik strateji əməkdaşlıq sazişinə əsasən İranda infrastruktur layihələrinin inkişafına 400 milyard ABŞ dolları həcmində investisiya qoyuluşu nəzərdə tutulur. Bu da o deməkdir ki, AB-MA sazişi Çinin də susqun iştirakı ilə imzalanıb.
Söhbət təbii ki, şərti olaraq iştirakdan gedir. Bu da tamamilə mümkündür. Xüsusilə də Avropa-Çin iqtisadi əlaqələrinin inkişafında hər iki tərəfin maraqlarının üst-üstə düşdüyü dönəmdə. Belədirsə, o zaman xarici siyasətində ehtiyatla davranan MA ölkələrinin hədəfləri anlaşılandır.
Bu ölkələrin Kiprdə səfirliklərini açması qərarına gəldikdə isə bunun bir neçə səbəbi var:
- MA ölkələri AB ilə tərəfdaşlıq qurmaqla qismən də olsa Rusiya və Çin təsirlərini kompensasiya etməyə çalışırlar. Bunun nə dərəcədə səmərəli olacağı isə başqa məsələdir.
- AB ilə əlaqələr qurmaq üçün onların qarşısında Kipri tanımaq kimi bir şərt qoyulub. Səbəb kimi də AB-də qərarların konsensus əsasında qəbul edilməsi göstərilə bilərdi. Yəni, AB üzvü olan Kiprin tərəfindən AB-MA əməkdaşlığının əngəllənməsinin qarşısını almaq üçün lazım olduğu tövsiyyə edilib.
- Mürəkkəb iqtisadi və geosiyasi şərait onları buna vadar edib. Başqa səbəblər də ola bilər, amma əsas sual budur ki, MA ölkələrinin AB-dən gözləntiləri özünü doğruldacaqmı? Yüksək ehtimalla, qismən, amma AB MA ölkələrini xarici təhdidlərdən qoruya bilməyəcək. Hər bir halda bunun ən dəqiq cavabını zaman verəcək.
Hələlik isə vəziyyət belədir ki, həmin sazişlə MA ölkələri Avropaya inteqrasiyaya, AB isə Cənubi Qafqazda itirilmiş mövqeyini MA-da əvəzləməyə çalışır. Türk Dövlətləri Birliyinə gəlincə isə real iqtisadi-siyasi birlik kimi heç vaxt mövcud olmamış bu qurumun yaradılması hələlik təxirə salınır.
Eynilə "Zəngəzur dəhlizi"ndə ilişib qalmış Azərbaycan və Türkiyənin qlobal siyasətdə iştirakı kimi. Görünür, Türkiyədəki susqunluğun, Azərbaycanda isə aşırı qəzəblə dolu sərt ritorikanın ictimai şüura yeridilməsinin əsl səbəbi də elə budur.
Çünki həqiqəti gizlətməyin iki yolu var: susmaq və ya yalan danışmaq.
Ərəstun Oruclu, politoloq