“Barselona”-“İnter” oyunu təxirə salına bilər

Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində baş tutacaq “Barselona”-“İnter” oyunu təxirə salına bilər.
Bu barədə “El Desmarque” nəşri məlumat yayıb.
Məlumata görə, buna səbəb İspaniyada elektrik enerjisinin kəsilməsidir.
“İnter”in bu gün günortadan sonra Kataloniya paytaxtına çatacağı gözlənilir. Ancaq artıq uçuşların ləğv edilməsinə səbəb olan elektrik kəsilməsi ilə əlaqədar onların səfəri risk altında ola bilər.
Qeyd edək ki, “Barselona”-“İnter” qarşılaşması aprelin 30-da, Bakı vaxtı ilə saat 23:00-da başlamalıdır.
Xatırladaq ki, ötən gün İspaniyada, Portuqaliyada, həmçinin Fransanın cənub-qərbində elektrik enerjisi kəsilib. Elektrik enerjisinin kəsilməsi Lissabon və Madrid də daxil olmaqla ictimai həyatı iflic edib.