İqtisadçı ətin bahalaşması səbəbini açıqladı: Ölkədə mal-qaranın sayında ciddi azalma var

Ətin bahalaşmasının, mal-qaranın azalmasının əsl səbəblərini tapmaq, məhz səbəbləri aradan qaldırmaq əvəzinə bəzi deputatlar çıxıb nəticədən danışır və deyir ki, bizim millət quzu əti xoşlayır, quzuları körpə vaxtə kəsirlər deyə ət bahalaşır.
AzToday.org xəbər verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli ölkədə ətin bahalaşması səbəblərini şərh edərkən deyib.
Onun sözlərinə görə, ölkədə son 10 ildə mal-qaranın sayı azalmaqda davam edir:
Azərbaycanda 10 il əvvəl, 2015-ci ildə 2 mln. 697 min 500 baş iribuynuzlu, 8 mln. 645 min 400 baş xırdabuynuzlu mal-qara var idi.
2015-ci ildə ölkədə “pambıq sevdası” başladı, neftin qiymətinin düşməsi, manatın devalvasiyası pambıq əkin sahələrinin artırmaqla bağlı qərara səbəb oldu. Nəticədə örüş yerlərində, mal-qara üçün yem bazası təşkil edən torpaqlarda pambıq əkini başladı.
Doğrudan da, 2015-ci ildə ölkə üzrə 35192 ton pambıq yığılırdısa, 2020-ci ildə bu rəqəm pik nöqtəyə çatdı və 336191 ton pambıq yığıldı. Sonra azalma başladı, 2023-cü ildə pambıq yığımı 276310 ton oldu – yəni, 60 min ton azalma baş verdi. Başqa sözlə, pambıq məsələsində də əkin və tədarük ciddi azaldı.
Gələk yenidən heyvandarlığa – 1 yanvar 2025-ci ilə olan rəsmi məlumata görə ölkədə 2 459 700 baş iribuynuzlu, 6 850 200 baş isə xırdabuynuzlu mal-qara var. 2015-ci illə müqaisədə son 10 ildə 237 min 800 baş iribuynuzlu, 1 milyon 800 minə yaxın isə xırdabuynuzlu mal-qara AZALIB. Ətin qiyməti isə son 10 ildə 2-2,5 DƏFƏ bahalaşıb.
Yaxşı, hökumət “pambıq” dedi, o da azalır, amma o pambığa görə (tək o səbəb deyil təbii ki, daha bir neçə ciddi səbəblər var və hökumət üzvləri ilə o səbəblər haqqında diskussiyaya, debata hazırıq) mal-qaranın sayında da ciddi azalma var, ətin də qiyməti durmadan bahalaşır.
Pambığı, heç olmasa, istehsal zəncirinə çevirib xammaldan son məhsula, parçaya, geyimə qədər təşkil edib əlavə dəyər yaratsaydılar, dərdyarı olardı, onu da etmədilər. Pambıq xammal kimi xaricə ucuz satılır, elə pambıq satdığımız ölkələrdən, elə bizim pambıqdan alınan son məhsulu 5-6 qat bahasına geri alırıq...