Naxçıvan xəstəxanası labaratoriyasız qalıb - işçilər tətildə

Mar 28, 2025 - 12:45
Naxçıvan xəstəxanası labaratoriyasız qalıb - işçilər tətildə

Naxçıvan Respublika Xəstəxanasının laboratoriya şöbəsi 10 gündən çoxdur ki, fəaliyyətini dayandırıb. Bunun səbəbi laboratoriya işçilərinin şöbənin qapısını bağlayıb, bayram tətilinə çıxmalarıdır. Xəstəlik isə bayram tanımır... 

Laboratoriyanın bağlanması xüsusilə təcili əməliyyat ehtiyacı olan xəstələr üçün ciddi təhlükə yaradır. Onlar ya laboratoriya analizləri olmadan əməliyyat olunur, ya da əməliyyatlar bayramdan sonraya təxirə salınır.
Naxçıvan şəhər sakini Mahir Məmmədov “Gündəlik Naxçıvan”a bildirir ki, martın 23-də kor bağırsağında ağrılar başladığı üçün vəziyyəti pisləşib və təcili xəstəxanaya çatdırılıb. Həkim dərhal əməliyyat edilməli olduğunu bildirib:

"Bayramdan iki gün sonra halım pisləşdi və təcili xəstəxanaya getdim. Həkim müayinəsindən sonra qan təcili əməliyyata ehtiyac olduğunu bildirib, analizi verməyimi məsləhət gördü. Lakin laboratoriyanın yalnız aprelin 1-də açılacağını bildirdilər. Vəziyyətim kritik olduğundan razılıq verdim ki, analizsiz əməliyyat etsinlər. Çünki, kor bağırsağım partlasa, ölə bilərdim. Naxçıvanın ən böyük xəstəxanasında laboratoriyanın işləməməsi biabırçılıqdır."

Digər sakin, Nadir Qurbanov isə həyat yoldaşını bayram günləri xəstəxanaya gətirib və o da laboratoriyanın işləmədiyini görüb:

"Həyat yoldaşımın təzyiqi çox yüksək idi, buna görə təcili tibbi yardım çağırdıq. Xəstəxanada müayinədən sonra həkimlər qan analizi etmək istəsələr də, laboratoriyanın işləməməsi səbəbindən xəstəni aprelin 1-dən sonra yenidən gəlməsi məsləhət görüldü. Bəs, təcili əməliyyat tələb edən xəstələr necə etsin? Laboratoriya çox vacibdir və kifayət qədər işçi var. Amma bayram günlərində niyə növbətçilər saxlanmır?"

Naxçıvan Mərkəzi Xəstəxanasından sakinlərin şikayəti ilə bağlı məsələyə münasibət bildirmək istəmədilər.