Nikol Paşinyan - erməni xalqının "ən yeni tarix müəllimi" rolunda...

Bu müəllim əksər erməni tarixçilərindən fərqli olaraq İrəvan Dövlət Universitetinin tarix fakültəsini bitirməyib. Və Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sərkisyandan fərqli olaraq bu müəllim Kremlin və Eçmiədzinin "şinel"indən də çıxmayıb.
Söhbət Nikol Paşinyandan gedir. Paşinyan indi təkcə baş nazir deyil. O, Azərbaycanın sayəsində həm də tarix müəllimliyi rolunu mənimsəyib. Və hal-hazırda həm erməni xalqına, həm də Ermənistanın siyasi isteblşmentinə (keçmiş və indiki hakim zümrəsinə) sözün əsl mənasında tarix dərsi keçməyə başlayıb.
Onun başına son 5 ildə düz iki dəfə (2020 ci ildə 44 günlük müharibə, 2023-cü ildə antiterror əməliyyatı) Dəmir Yumruq dəyib. Məhz bu yumruqlardan sonra erməni baş nazir reallıq hissinə qayıdıb, "real Ermənistan" haqqında düşünməyə başlayıb, "tarixi Ermənistan"ın ("böyük Ermənistan") nağıl, mif olduğunu anlayıb, "miatsum" (Qarabağın Ermənistana birləşdirilməsi) ideyasının öz xalqının və dövlətinin gələcəyi üçün təhlükəli olduğunu dərk edib və "Qarabağ Ermənistandır" avantürasından şüurlu surətdə imtina edib.
Beləliklə, Nikol Paşinyan bu gün erməni siyasi elitasında hələlik yeganə şəxsdir ki, adekvat düşünməyə və erməni xalqının son 37 ildə keçdiyi yolun kökündən yanlış olduğunu etiraf etməyə başlayıb. O, bütün varlığı ilə hiss edir ki, erməni xalqının tarix şüuru və tarixə baxışı mütləq dəyişməli, yenilənməlidir.
Beləliklə, Paşinyan erməni xalqının tarixini yenidən yaratmaq, yeni başdan yazmaq işinə girişib.
Lakin o, bunu bacaracaqmı?
Əlbəttə, asan olmayacaq.
Çünki erməni xalqı etnopsixologiya baxımından nadir xalqlardandır ki, öz tarixindən heç bir ibrət dərsi almır. Ermənilərin tarix şüuru, tarix yaddaşı, tarix ağlı çox məhdud olduğuna görə, bu xalq eyni səhvlərə təkrar-təkrar yol verir.
Və ən maraqlısı da budur ki, kilsə və erməni siyasətçiləri də erməni xalqına bu səhvləri təkrarlamaqda kömək ediblər. Katolikos II Qaregin və keçmiş prezidentlər Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sərkisyan buna əyani misaldır. Onlar Kremlin köməyilə Azərbaycan torpaqlarını işğal etməmişdən öncə, erməni xalqının ruhunu və beynini işğal ediblər, uşaqlı-böyüklü bütün ermənilərə qatı millətçilik zəhərini, türklərə nifrəti aşılayıblar.
Nəticədə dünya tarixində faşizmin ən iyrənc və ən qəddar forması olan erməni faşizmi meydana gəlib.
Lakin bütün aşırı, radikal ideologiyalar kimi erməni faşizmi də məhvə məhkumdur. Paşinyan bu həqiqəti dərk edən hələlik yeganə erməni siyasətçisidir. Və o, başa düşür ki, erməni faşizmini yalnız Azərbaycan və Türkiyənin köməyi ilə əzə bilər. Buna görə də son günlər hərəkətə keçib.
Bu baxımdan, Ermənistan baş nazirinin martın 26-da parlamentdəki çıxışında üç keçmiş prezidenti sərt tənqid etməsi heç də təsadüfi deyil.
Paşinyan həmin gün parlamentin tribunasında olduqca qəzəbli görünürdü. Çıxışı da kifayət qədər emosional oldu. Onun qəzəbinin əsas ünvanı da məhz keçmiş prezidentlər oldu.
Qarabağın itirilməsinə görə onu günahlandırmaqdan əl çəkməsələr, sabiq prezidentləri "divara çırpmaq" və "ayaq altında tapdalamaq" ilə hədələyən Nikol Paşinyan qəzəbli çıxışında xatırlatdı ki, Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarkisyan bu məsələ ilə bağlı televiziya debatından imtina ediblər.
"Onların hər üçü teledebatlarda iştirakdan imtina edirlər. Onlar deyirlər ki, mənimlə müzakirə edəcəkləri heç nə yoxdur. Sonra övladlarını, nəvələrini, nəticələrini, qayınanalarını, gəlinlərini, baldızlarını, bacanaqlarını mətbuat konfransına göndərirlər. Əgər müzakirə ediləcək bir şey yoxdursa, onda susun, oturun", - deyə Paşinyan parlamentin kürsüsündən onlara qəti xəbərdarlıq etdi.
"Əgər debat etməyə hazırsınızsa, gəlin danışaq. Mən sizlə debat etməyəcəyəm, sizi divara çırpacağam və siyasi cəsədlərinizin qalıqları oradan çıxarılacaq. Bu, hər üçünüzə aiddir. Əsəblərimlə oynamağı dayandırın. Ya susub bu mövzu barədə danışmırsınız, ya da canlı debat edirik. Başqa seçim yoxdur",- deyərək, Paşinyan öz sələflərini açıq şəkildə təhqir etdi.
Nikol Paşinyan həmçinin erməni xalqına da müraciət etdi. O bildirdi ki, erməni xalqı bundan sonra daha Qarabağın Ermənistana birləşdirilməsi ideyasını müdafiə etməməlidir.
Paşinyan etiraf etdi ki, 1988-ci ildə Qarabağın ölkəyə birləşdirilməsi üçün başlayan "Qarabağ hərəkatı" əvvəllər Ermənistan dövlətçiliyinin qurulmasına mane olmaq üçün istifadə edilib.
O, birmənalı şəkildə bəyan etdi ki, Ermənistan "Qarabağ hərəkatı"nı davam etdirməməlidir.
Paşinyanın bu sözləri sözsüz ki, erməni xalqı üçün inqilabi sözlərdir, yenilikdir. Çünki son 30-35 il ərzində erməni xalqının qulağı daim irqçi, separatçı, terrorçu, anti-Azərbaycan fikirlərlə doldurulub. Ancaq Paşinyan isə indi əsl həqiqətləri yavaş-yavaş üzə çıxarmaqla ermənilərin gözünü açmağa və onları fərqli düşüncəyə kökləməyə çalışır. O, öz xalqının şüurunda Azərbaycan və Türkiyəyə qarşı yeni münasibət, adekvat yanaşma formalaşdırmağa səy göstərir.
Görək hara qədər gedə biləcək. Çünki Paşinyanın bəxtinə olduqca pis material düşüb. Hayların materialı həqiqətən də çox çətin və zay materialdır.
Bəybala Mirzəyev