İcra başçısı müharibə veteranının cəzadırılmasını tələb edir: Şikayətlərin önünü kəsmək istəyir

Mar 28, 2025 - 09:17
İcra başçısı müharibə veteranının cəzadırılmasını tələb edir: Şikayətlərin önünü kəsmək istəyir

Bakının Suraxanı rayonu, Əmircan qəsəbəsində özünə aid torpaq sahəsində evinin qanunsuz uçurulduğunu deyən Qarabağ müharibəsi veteranı Ceyhun Ağayevi icra başçısı cəzalandırmaq istəyir. Suraxanı rayon İcra Hakimiyyətinin başçısı, keçmiş deputat Adil Əliyev onun cinayət məsuliyyətinə cəlb olunması tələbiylə xüsusi ittiham qaydasında iddia qaldırıb.

C.Ağayev "TikTok" sosial şəbəkəsində video paylaşaraq məhkəmə qərarı olmadan evinin söküldüyünü göstərib. İcra başçısı tələb edir ki, həmin videoda işlətdiyi ifadələrə görə şikayətçi Cinayət Məcəlləsinin 147.2-ci (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (böhtan) maddələriylə cəzalandırılsın.

C.Ağayev sözügedən videoda deyir ki, həmin ərazidə qanuni icazə alınmadan tikilən evlərin sayı yetərincədir, amma ona imkan vermirlər: "Nə var, nə var, 8 min vermədim deyə...".

"Bu, hansı insanlığa sığar?"

O, konkret icra başçısının pul istədiyini iddia etməyib, ancaq ona üz tutaraq deyib: "Adil müəllim, baxın görün, necə vəhşiliklə söküblər, kərpicləri qırıblar, yəni bu, hansı insanlığa sığar?".

A.Əliyev iddiasında göstərib ki, videoda onun şərəf və ləyaqətini aşağılayan, işgüzar nüfuzuna xələl gətirən ifadələr dilə gətirilib. Məsələn, onun Suraxanıya icra başçısı təyinindən sonra belə halların çoxaldığı deyilib.

C.Ağayev isə deyir ki, icra başçısının şərəf və ləyaqətinə toxunan heç bir ifadə işlətməyib, ona nə böhtan atıb, nə də təhqir edib: "Adil Əliyevin bu hərəkəti söz azadlığını susdurmaq, rayon ərazisindəki şikayətlərin qarşısını almaq kimi qəbul edilməlidir. Məhkəmə qərarı olmadan vətəndaşın evini sökənlərin əməlinə qiymət vermək əvəzinə, vətəndaşı təqib edir. O, dövlət qulluqçusudur, vətəndaşı dinləməlidir, bundansa, vətəndaşı cəzalandırmağa vaxt sərf edir".

İndi cəzalandırmaq istədiyi şəxsə Fəxri Fərman veribmiş

C.Ağayevin fikrincə, icra başçısının iddiası qanunun tələbinə uyğun tərtib edilmədiyindən icraata götürülüb baxılmamalıdır.

Xəzər rayon Məhkəməsi ərazi aidiyyətinə görə icra başçısı A.Əliyevin şikayətinə baxmaqdan imtina edib, onu Suraxanı rayon Məhkəməsinə göndərib.

Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələrində cərimə, azadlığın məhdudlaşdırılması, islah işləri kimi alternativ cəzalarla yanaşı, həm də 3 ilədək həbs nəzərdə tutulub.

A.Əliyev ötən ilin iyulundan Suraxanı rayon İcra Hakimiyyətinin başçısıdır. O, daha öncə Milli Məclis sədrinin müavini idi və 2005-ci ildən 2024-cü ilədək Milli Məclisin deputatı olub.

Parlamentdə təmsil olduğu dövrdə həm də Milli Məclisin Gənclər və idman komitəsinə rəhbərlik edən A.Əliyev hazırda cəzalandırılmasını tələb etdiyi C.Ağayevi 2020-ci ildəki 44 günlük müharibədə fəal iştirakına görə Fəxri Fərmanla təltif edib.(Azadlıq radiosu)