Naxçıvanlılar: Blokadadan çıxmağımıza monopolistlər imkan vermir

Mar 25, 2025 - 13:02
Naxçıvanlılar: Blokadadan çıxmağımıza monopolistlər imkan vermir

Bakı-Naxçıvan marşrut avtobuslarının avtovağzaldaca gömrük yoxlamasından keçirilməsi və bəzi malların daşınmasına məhdudiyyətlərin qoyulması sərnişinlərin ciddi narazılığına səbəb olub. Sərnişinlər iddia edirlər ki, bu məhdudiyyətlərin arxasında monopolist maraqlar dayanır. 

Onların fikrincə, yüksək vəzifəli oliqarx məmurlar vəziyyəti qəsdən belə qurublar ki, bəzi məhsullar onların nəzarətindən kənar Naxçıvana daxil olub-çıxmasın. Xüsusilə dərman, ət, siqaret və digər malların monopoliyasına nəzarət edən şəxslərin bu işdə əli olduğu bildirilir. 

Bu vəziyyət isə blokadada yaşayan sadə naxçıvanlıların həyatını daha da çətinləşdirir.
Sərnişinlərdən Şirvan Qafarov deyir ki, ötən həftə Naxçıvandan Bakıya gedərkən apardığı iki blok siqaretdən birini gömrükçülər buraxmayıb, geri qaytarıblar:

"Biz Azərbaycandan Azərbaycana gedirik, ancaq avtovağzalda elə yoxlayırlar ki, sanki xarici ölkəyə keçirik. Deyirlər ki, siqareti bir blokdan artıq aparmaq olmaz. Mən niyə öz ölkəmdə siqaretimi məhdudiyyətlə daşımalıyam? Üstəlik, bu qədər yoxlama nəyə lazımdır? Bəyəm, Gəncəyə və ya Qazaxa gedən sərnişinlərin yükləri belə yoxlanır? Talıbovlar hakimiyyətdən gedəndə ümidlənmişdik ki, bu məhdudiyyətlər aradan qalxacaq, amma qaydalar hələ də dəyişməyib. Onsuz da hər şey bahadır, blokada şəraitində yaşayırıq. Bizə hər cür şərait yaradılmalıdır ki, korluq çəkməyək. Əksinə, məmurlar öz maraqlarını qorumaq üçün adi insanları daha da sıxışdırır. "

Başqa bir sərnişin Qulu Əmirov isə dərmanların aparılmasında rastlaşdığı problemləri dilə gətirir: 
"Xəstəm var, Naxçıvanda bəzi dərmanlar tapılmır və ya çox bahadır. Bakıda reseptlə aldığım dərmanları Naxçıvana aparanda gömrükdə saxlayıb resept tələb edirlər. Bəzən isə resept olsa belə, buraxmırlar. Üstəlik, Bakıya gedərəkən, oğluma kəsilmiş quzu əti aparırdım, onu da buraxmadılar. Dedilər ki, yalnız az miqdarda, doğranmış halda aparmaq olar. Halbuki məmurlar tonlarla malı heç bir yoxlama olmadan rahatca keçirirlər. Dərman, ət, siqaret və bəzi ərzaq məhsulları monopoliyada olan oliqarx məmurların əlindədir. Ona görə də sıravi vətəndaşların bu məhsulları daşımalarına əngəl yaradılır. "

İran ərazisindən tranzit keçməklə Naxçıvandan Bakıya və əks istiqamətə hərəkət edən avtobuslar avtovağzallardakı gömrük məntəqəsində yoxlamadan keçir, yüklər monitordan keçirilərək möhürlənir. Avtobusun yük yerinə vurulan möhür yalnız mənzil başına çatdıqda yenidən açılır. 2019-cu ildən tətbiq olunan bu qayda sərnişin avtobuslarının sərhəd keçid məntəqəsindən yoxlamasız keçməsi üçün tətbiq olunur.