Milyonlarca əfqan qız ardıcıl dördüncü ildir məktəbdən kənarda qalır

Mar 28, 2025 - 09:19
Milyonlarca əfqan qız ardıcıl dördüncü ildir məktəbdən kənarda qalır

Martın 22-də Əfqanıstanda yeni tədris ili başlayıb, amma artıq dördüncü il ardıcıl olaraq milyonlarla yeniyetmə qızın məktəbə getməsi qadağan edilib.

Bunlardan biri də Xalidədir. O, Talibanın hakimiyyəti ələ keçirərək 12 yaşdan yuxarı qızların təhsilini qadağan etdiyi zaman 9-cu sinifdə idi.

"Qadağa həyatıma böyük təsir edib", - 18 yaşında olan Xalidə AzadlıqRadiosunun "Radio Azadi" xidmətinə bildirib. "Əvvəl bütün vaxtımı dərslərimə həsr edirdim. İndi isə vaxtım məqsədsiz keçir".

Talibanın qadınları ictimai həyatdan sildiyi və onların əsas hüquqlarını ciddi şəkildə məhdudlaşdırdığı Əfqanıstanda məktəb qadağası 2.2 milyon qıza katastrofik təsir göstərib.

Bundan əlavə, ölkədə məcburi, erkən və uşaq evlilikləri artıb. BMT bildirir ki, Taliban Əfqanıstanda hakimiyyətə gəldikdən sonra burada uşaq evliliyi 25 faiz artıb.

Qadınlar üçün təhsil və peşə perspektivlərinin olmaması qadın intiharlarının artmasına da səbəb olub. Əfqanıstan dünyada qadınların kişilərdən daha çox öz həyatına qəsd etdiyi nadir ölkələrdən birinə çevirib.

"Təhsilə çıxışın olmaması yalnız bizim gələcəyimizi təhdid etmir, həm də ölkəmizin tərəqqisinə və inkişafına mane olur", – qisas qorxusundan adının çəkilməsini istəməyən başqa bir yeniyetmə əfqan qız bildirib.

"Bizim oxumaq, inkişaf etmək və parlaq bir gələcəyə sahib olmaq hüququmuz var", – o deyib.

Əfqan qadınlar Kabildə Taliban liderlərinin posterlərinin və bayraqlarının yanından keçirlər.

BMT-nin Uşaq Fondu (UNICEF) məktəb qadağasının nəticələrinin nəsillər boyu davam edəcəyini vurğulayıb.

"Qadağa sağlamlıq sisteminə, iqtisadiyyata və millətin gələcəyinə mənfi təsir göstərir", – UNICEF martın 22-də yaydığı bəyanatında bildirib. "Qızların daha az təhsil alması onların uşaq evlilikləri ilə üzləşmə riskini artırır, bu da onların rifahı və sağlamlığına mənfi təsir edir".

UNICEF xəbərdarlıq edib ki, qadağa 2030-cu ilə qədər davam edərsə, 4 milyondan çox qız məktəbdən kənarda qalacaq.

Talibana daha çox təzyiq göstərməyə çağırırlar
BMT-nin yüksəksəviyyəli rəsmiləri və əfqanıstanlı qadın fəallar Talibanın ölkədə qızlara və qadınlara münasibətini "cinsiyyət aparteidi" (ayrıseçkiliyin ən kəskin forması) olaraq qiymətləndirib.

Onlar beynəlxalq ictimaiyyətdən 6-cı sinifdən sonra qızların təhsilinə qoyduğu qadağanı ləğv etmək üçün Talibana daha çox təzyiq göstərməyə çağırıblar.

Heç bir ölkə beynəlxalq sanksiyalar altında olan Taliban hökumətini tanımayıb. Lakin Qərbin bəzi ölkələri də daxil olmaqla, getdikcə daha çox ölkə Taliban hökuməti ilə ticarət, təhlükəsizlik və immiqrasiya məsələlərində əməkdaşlıq edir.

"Taliban hələ də sərbəst şəkildə gəzir və səyahət edir", – mühacirətdə yaşayan tanınmış əfqanıstanlı təhsil fəalı Paştana Durrani deyib. "Onlar müsahibələr verir. Bank hesabları var. Ailələri xaricdə yaşayır, amma əfqanıstanlı qadınların təhsil almasını qadağan ediblər".

"Beynəlxalq ictimaiyyətə sual verilməlidir ki, onlar həqiqətən Talibanın qız məktəblərini açmasını istəyir, ya yox?", - deyə o fikrini tamamlayıb.