Hikmət Rəhimov nazirdən onu işdən çıxarmasını tələb etdi

Mar 14, 2025 - 18:47
Hikmət Rəhimov nazirdən onu işdən çıxarmasını tələb etdi

Tanınmış aktyor Hikmət Rəhimov mədəniyyət naziri Adil Kərimliyə müraciət ünvanlayıb.

O bu barədə sosial şəbəkə hesabında yazıb.

H. Rəhimov müraciətində nazirliyin film, video və videooyunlar sektorunun müdiri Günay Rəhimovanın onunla ədavət apardığını iddia edib.

“Mart ayının 10-da Heydər Əliyev Mərkəzində baş tutan kino ilə bağlı tədbirə dəvət olunmuşam. Bu adam (Günay Rəhimova – red.) deyib ki, Hikmət orada olmalı deyil, mənim onunla ədavətim var. Bu məsələni də sübut etməyə hazıram”, - aktyor bildirib.

H. Rəhimov Mədəniyyət Nazirliyində Azərbaycan kinosunun heç kimə maraqlı olmadığını bildirib və nazirdən Günay Rəhimovanı işdən çıxarmasını tələb edib.

Günay Rəhimov məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verib.

“Söz azadlığıdır, demokratik dövlətdə yaşayırıq. Hər kəsin sözünü demək hüququ var. O da öz hüququndan istifadə edib. Konkret hansı faktlardan danışır, bilmirəm, amma belə bir şey yoxdur. Niyə elə yazıb, sözün açığı, onu da bilmirəm”, - o bildirib.

Mədəniyyət Nazirliyindən isə məsələyə münasibət bildiriləcəyi qeyd olunub.

Qeyd edək ki, martın 10-da Heydər Əliyev Mərkəzində kino sənayesi nümayəndələrinin, həmçinin Günay Rəhimovanın iştirakı ilə "Cinema Talks" (“Kino söhbətləri”) adlı panel müzakirəsi keçirilib.