İmamoğlunun saxlanılması barədə göstəriş verilib – Evində axtarış aparılır

Mar 19, 2025 - 09:57
İmamoğlunun saxlanılması barədə göstəriş verilib – Evində axtarış aparılır

İstanbul Böyük şəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlunun saxlanılması barədə qərar verilib.

Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, hazırda polis əməkdaşları onun evində axtarış aparır.
İmamoğlu sosial media hesabında videomüraciət yayaraq məlumatı təsdiqləyib.

“Millətin iradəsini əlindən almaq istəyən bir ovuc insan yüzlərlə polisi 16 milyon İstanbul sakininin evinin qarşısına toplayıb. Böyük bir zorakılıqla qarşı-qarşıyayıq. Amma mübarizəni dayandırmayacağıq. Özümü millətimə əmanət edirəm”, - İBB sədri bildirib.

İstanbul Bələdiyyəsinin tabeliyində fəaliyyət göstərən və bələdiyyənin fəaliyyətinin təbliğatı ilə məşğul olan “Medya AŞ”nin idarə heyətinin sədri Murat Onqunun da saxlanıldığı bildirilir.
“İddia olunur ki, 100-dən çox iş adamı və jurnalistin saxlanılması barədə qərar verilib. İstanbulda bəzi metro stansiyaları bağlanıb, polisin icazələrinin ləğv edildiyi bildirilir”, - “Sözcü” yazır.

Qeyd edək ki, ötən gün İstanbul Universiteti Ə. İmamoğlunun bakalavr diplomunun ləğv edilməsi barədə qərar verib.

Xatırladaq ki, İmamoğlu martın 23-də Cümhuriyyət Xalq Partiyasının (CHP) prezidenliyə namizədinin müəyyənləşəcəyi partiyadaxili seçkiyə hazırlaşırdı. O, CHP-nin prezidentliyə ən böyük namizədi hesab olunur.