Putin meydan oxudu: “Dörd vilayəti ilin sonuna qədər alacağıq”

May 19, 2025 - 10:26
Putin meydan oxudu: “Dörd vilayəti ilin sonuna qədər alacağıq”

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla bu gün baş tutacaq telefon danışıqlarına əminliklə və iddialı planlarla gedir. Bloomberg agentliyinin məlumatına görə, Kremldəki mənbələr Putinin 2025-ci ilin sonuna qədər Ukraynanın işğal olunmuş dörd vilayətini – Donetsk, Luqansk, Zaporojye və Xersonu tam şəkildə ələ keçirməyə qərarlı olduğunu bildiriblər.

Agentlik qeyd edir ki, bu mövqe Rusiya liderinin Trampa qarşı hər hansı əhəmiyyətli güzəştlərə getməyəcəyini göstərir. Hazırkı vəziyyətdə Kremldə Trampın mümkün sülh təşəbbüslərinə qarşı ehtiyatlılıq və hətta etinasızlıq müşahidə olunur.

Avropalı diplomatlar isə narahatdırlar. Onlar Trampın Rusiyanın təcavüzkar mövqeyini nəzərə almadan Ukrayna ilə bağlı "sürətli razılaşma”ya çalışacağı ehtimalını istisna etmirlər. Xüsusilə, Avropa İttifaqının bir sıra rəsmiləri hesab edirlər ki, Tramp üçün strateji tarazlıqdan çox, daxili siyasi qələbə görüntüsü ön plandadır.

Xatırladaq ki, Tramp 2025-ci ildə ikinci dəfə ABŞ prezidenti seçildikdən sonra Ukrayna-Rusiya müharibəsinin tezliklə sonlandırılacağına dair vədlər vermiş, bu məqsədlə Moskvaya qeyri-rəsmi kanallar vasitəsilə siqnallar göndərmişdi. Lakin Kremlin mövcud planları, xüsusilə də işğal olunmuş ərazilərdə referenduma bənzər addımlar atmağa hazırlaşması, Trampın bu istiqamətdə uğur qazanmasını çətinləşdirə bilər.

Qeyd: Hazırda Rusiya hərbi qüvvələri cəbhənin müxtəlif istiqamətlərində irəliləyişlərə çalışsa da, Ukrayna müqaviməti və Qərbin hərbi-texniki dəstəyi Kremli hədəflərinə çatmaqdan çəkindirir. Lakin Putin yaxın aylar ərzində bu balansı öz xeyrinə dəyişəcəyinə inanır.