Azərbaycanın bu şəhərində boşananlar evlənənlərdən çox olub

May 16, 2025 - 14:18
Azərbaycanın bu şəhərində boşananlar evlənənlərdən çox olub

Bu ilin ilk 3 ayı ərzində Azərbaycanda 11 min 206 nikah və 4 min 765 boşanma qeydə alınıb.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə nikahların sayı 10% artıb, boşanmaların sayı isə 5% azalıb.

Məlumat üçün bildirək ki, ötən il istisnasız olaraq Azərbaycanın bütün şəhər və rayonlarında nikah və boşanamalar olub.

Bu ilin ilk 3 ayında ən çox nikah sayı Sumqayıt şəhəri (353 nikah) və Sabunçu rayonunda (325 nikah), ən az nikah isə Xankəndi (7 nikah) və Naftalan (9 nikah) şəhərlərində qeydə alınıb.

Ən çox boşanma sayı isə Xətai (221 boşanma) və Binəqədi (207 boşanma) rayonlarında, ən az boşanma da Ağdərə (2 boşanma) və Pirallahı (3 boşanma) rayonlarında olub.

Onu da bildirək nikah sayının boşanma sayına olan nisbətinə görə ilk sırda Naftalan şəhəri yer alıb. Naftalan həm də Azərbaycanda boşanmaların nikahlardan çox olduğu yeganə şəhər olub.

Belə ki, bu ilin ilk 3 ayında Naftalanda 12 boşanma, 9 nikah qeydə alınıb. Şahbuz rayonunda isə nikahların sayı (11 nikah) ilə boşanmaların sayı (11 boşanma) eyni olub. Digər şəhər və rayonlarda isə nikahlar boşanmalardan çox olub. Ən böyük fərq isə Lerik rayonunda qeydə alınıb. Lerikdə 3 ay ərzində 113 nikah, 7 boşanma olub və nikahların sayı boşanmalardan 16 dəfə çox olub.