“Tramp Qəzzadan 1 milyon fələstinlini Liviyaya köçürmək istəyir” – NBC

May 17, 2025 - 12:25
“Tramp Qəzzadan 1 milyon fələstinlini Liviyaya köçürmək istəyir” – NBC

“ABŞ Prezidenti Donald Trampın administrasiyası 1 milyon fələstinlinin Qəzza zolağından Liviyaya köçürülməsi planı hazırlayır”.

Yeniavaz.com xəbər verir ki, bu barədə cümə günü mənbələrə istinadən NBC məlumat yayıb.

Bildirilib ki, Vaşinqton miqrantları qəbul etməyə razılıq verərsə, Liviyanın əvvəllər dondurulmuş aktivlərinin blokunu açacağını vəd edir.

Bu təşəbbüsün həyata keçirilməsində ciddi çətinliklərlə üzləşəcəyi ehtimalı olduğundan hələlik yekun qərar verilməyib. Xüsusilə, nə qədər qəzzalının könüllü olaraq Liviyaya getməyə razı olacağı sualı açıq qalır. ABŞ administrasiyası fələstinliləri pulsuz mənzillə təmin etmək və ya hətta müavinətlər ödəmək kimi maddi stimulların təmin edilməsi imkanlarını nəzərdən keçirir. Amma bunun üçün Vaşinqtondan ciddi xərclər tələb olunacaq.

Fələstinlilərin Liviyanın hansı hissəsində məskunlaşa biləcəyi və onların köçürülməsinin dəqiq necə həyata keçiriləcəyi də məlum deyil. Bundan əlavə, daha bir milyon insanın Liviyaya gəlişi onsuz da qeyri-sabit olan ölkədə gərginliyi daha da artıra bilər, telekanal qeyd edir.