Asiyada yeni COVID-19 dalğası yayılır

May 16, 2025 - 14:06
Asiyada yeni COVID-19 dalğası yayılır

Honq-Konq və Sinqapurun səhiyyə orqanları xəstəliyin yeni dalğası Asiyaya yayıldığı üçün COVID-19 hallarının kəskin artacağı barədə xəbərdarlıq edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Məlumata görə, bu həftə şəhərin İctimai Sağlamlıq Mərkəzinin yoluxucu xəstəliklər şöbəsinin müdiri Albert Au Honq-Konqda virusun aktivliyinin olduqca yüksək olduğunu deyib.

Təsdiqlənmiş yoluxma hallarının sayı son bir ildə ən yüksək həddə çatıb və ağır yoluxma hallarının sayı artıb.
Agentlik bildirir ki, halların artımı hələ son iki ildə müşahidə olunan infeksiyanın zirvəsinə çatmasa da, COVID-lə bağlı tibbi məsləhətləşmələrin və xəstəxanaya yerləşdirilmələrin sayı virusun sürətlə yayıldığını göstərir.

Sinqapurun Səhiyyə Nazirliyi yoluxmaların artmasını əhalidə immunitetin zəifləməsi ilə əlaqələndirib. Nazirlik qeyd edib ki, dövriyyədə olan variantların pandemiya dövründəkindən daha yoluxucu və ya daha ağır hallara səbəb olduğuna dair heç bir əlamət yoxdur.

Digər tərəfdən, aprel ayında Ağ Evin veb-saytı koronavirusun əsl mənşəyi haqqında bir səhifə dərc edib. O, virusun Çinin Uhan şəhərindəki laboratoriyada süni şəkildə yaradıldığı versiyasını dəstəkləyən beş arqument təqdim edir. Xüsusilə, material müəlliflərinin fikrincə, koronavirus təbiətdə olmayan bioloji xüsusiyyətlərə malikdir.