İlham Əliyevlə Paşinyan Tiranadadırlar – Liderlər görüşə bilər?

May 16, 2025 - 11:30
İlham Əliyevlə Paşinyan Tiranadadırlar – Liderlər görüşə bilər?

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirak etmək üçün Albaniyanın paytaxtı Tiranaya işgüzar səfər edib.

Zirvə toplantısının bu gün keçirləcəyi gözlənilir. Sammitə ümumilikdə 50-yə yaxın ölkə dəvət edilib.
Qeyd edək ki, Tirana sammitində Ermənistanın Baş naziri Nikol Paşinyan da iştirak edir. O da dünəndən Tiranadadır.

Avropa Siyasi Birliyinin sonuncu – beşinci sammiti 20204-cü il noyabrın 7-də Macarıstanın paytaxtı Budapeştdə keçirilib. Ötənilki Zirvə toplantısında Nikol Paşinyan iştirak etsə də, İlham Əliyev Budapeştə getməmişdi.

Avropanın digər şəhərlərində əvvəllər keçirilmiş sammitlər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında müəyyən təmaslar və görüşlər olub.

Bəs Tirana sammitində də liderlərin görüşü mümkündürmü?

Suala birmənalı cavab vermək çətindir. Rəsmi Bakıdan bununla bağlı hər hansı açıqlama yoxdur.
Ermənistan Baş nazirnin mətbuat katibi Nazeli Baqdasaryan isə deyib ki, Tiranada Nikol Paşinyanın bəzi dövlət və hökumət başçıları ilə ikitərəfli görüşləri planlaşdılıb. Lakin o, Ermənistan liderinin Azərbaycan Prezidentilə bir araya gələ biləcəyii barədə fikir səsləndirməkdən yayınıb.

Qeyd edək ki, İlham Əliyev və Paşinyan arasında sonuncu görüş 2024-cü il oktyabrın 24-də Kazan şəhərində keçirilən XVI BRICS Sammiti əsnasında baş tutub. Görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib.

Liderlərin sonuncu görüşündən sonra ikitərəfli sülh gündəliyində xeyli dəyişikliklər baş verib. Belə ki, Bakı ilə İrəvan arasında 17 paraqrafdan ibarət sülh müqaviləsinin mətni tam razılaşdırılıb.

Daha sonra Ermənistan Azərbaycanın irəli sürüdüyü digər iki şərtə də qismən razılaşıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan bu ilin aprel ayında verdiyi açıqlamalarda ATƏT-in Minsk qrupunin ləğv edilməsinə və konstitusiya dəyişikliyinə gediləcəyini bildirib. O, yeni konstitusiya layihəsində Azərbaycana ərazi iddiasını nəzərdə tutan müstəqillik aktına istinadın olmayacağını vurğulayıb.
Digər tərəfdən Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası ilə bağlı yeni mərhələnin başlanması da gecikir…

Tərəflər 2025-ci il yanvarın 16-da baş nazir müavinləri Mher Qriqoryan və Şahin Mustafayev səviyyəsində növbəti delimitasiya prosesinin sərhədin şimal hissəsindən – Ermənistan, Azərbaycan və Gürcüstan sərhədlərinin qovşağından başlamaq barədə razılığa gəliblər. Prosesin aprel ayında başlanacağı gözlənilirdi… (modern.az)