Üç ayda yol qəzalarında 149 nəfər həlak olub, 223 nəfər yaralanıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 267 yol-nəqliyyat hadisəsi baş verib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu göstərici, ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,8% azdır.
Bildirilir ki, yol-nəqliyyat hadisələri nəticəsində zərər çəkən şəxslərin sayı 16,6% azalaraq 372 nəfər olub. Onlardan 149-u həlak olub, 223-ü isə yaralanıb.
Hadisələrin 45,3%-i gündüz, 36,3%-i gecə, 18,4%-i isə toran vaxtı baş verib, 29,2%-i həftənin şənbə və bazar günlərinə təsadüf edib.
Yol-nəqliyyat hadisələrinin 88%-i yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 12,8% azalaraq 102 nəfər, yaralananların sayı isə 19,8% azalaraq 215 nəfər olub.
Bütün yol-nəqliyyat hadisələrinin 46,8%-i nəqliyyat vasitələrinin və piyadaların, 33,7%-i bir neçə nəqliyyat vasitəsinin, 19,5%-i isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 76,5%-ini, yaralananların isə 69,5%-ini kişilər təşkil edib.