Hakim Aynurə Sadıqova hansı səbəbdən “avtoqəza terroru” ilə məşğul olan şəxsə bəraət verdi?
Bakı Apellyasiya Məhkəməsinin hakimi İ.İbrahimlinin də ekspert rəylərini hesaba almadığı məhkəmə işinə 23 aprel 2025-ci ildə Ali Məhkəmənin Cinayət Kollegiyasında baxılacaq

Binəqədi rayon Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin qərarlarından narazı qalan vətəndaş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib
2023-cü ilin fevral ayının 12-də yol qəzasında faciəli şəkildə həlak olan, mərhum Maksut Ziyəddin oğlu Ramazanovun hüquqi varisi Qoşqar Ramazanovun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti daxil olub. Müraciətdə deyilir:
“Çox hörmətli, cənab Prezident! Sizə müraciət etməyə məni vadar edən odur ki, 12 fevral 2023-cü il tarixində saat 18:20 radələrində Bakı-Xocasən yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində qardaşım Maksut Ziyəddin oğlu Ramazanovun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermiş və həmin hadisə ilə bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən Kamran Nəsib oğlu Nəsibovun 1(001)-379/2023 saylı cinayət işi 28.04.2023-cü il tarixində Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin hakimi Aynurə Vahid qızı Sadıqovanın icraatına verilmişdi. İttiham aktına əsasən, təqsirləndirilən Kamran Nəsibov idarə etməyə etibarnaməsi olmasa da, “QAZ-33021” markalı, 64-BB-498 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə ikizolaqlı yolun sağ zolağı ilə Bakı şəhəri istiqamətində 60 km/saat sürətlə hərəkət edərkən, hərəkət üçün təhlükə yarandığını görüb, lakin nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün imkanı olduğu halda bunu etməyib, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, 1971-ci il təvəllüdlü Ramazanov Maksut Ziyəddin oğlunun üzərindən idarə etdiyi avtomobillə keçərək, qardaşımın faciəli şəkildə ölümünə səbəb olub.
Lakin 31 may 2024-cü il tarixində (1 il 1 ay davam edən məhkəmə prosesindən sonra) Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin hakimi Aynurə Sadıqova tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair ittiham üzrə Nəsibov Kamran Nəsib oğluna bəraət verilməsi, ona qarşı mülki iddianın da rədd edilməsi barədə hökm çıxarılmışdı.
Bakı Apellyasiya Məhkəməsi (hakim İbrahim İbrahimli) isə 14.10.2024-cü il tarixli, 1(103)-1687/2024 nömrəli qərarı ilə dövlət ittihamçısı Fərzəliyev Nəzər Kamil oğlu tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) olaraq mənim tərəfindən verilmiş apellyasiya şikayətini təmin etməyərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham olunan Nəsibov Kamran Nəsib oğluna bəraət verilməsinə dair Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 31 may 2024-cü il tarixli, 1(001)-30/2024 saylı hökmündən verilmiş apellyasiya şikayətinə və apellyasiya protestinə münasibətdə qərarı dəyişdirilmədən qüvvədə saxlamışdır.
Bu məqamda onu da xatırladım ki, 12.05.2023-cü il tarixindən başlanan məhkəmə prosesi kifayət qədər təcrübəsi olmayan hakim Aynurə Sadıqovanın qarşı tərəfin vəkili Elşən Hüseynovla birgə apardığı “ekspertiza oyunu” nəticəsində 1 ildən çox davam etdi. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin hakimi A.Sadıqovanın verdiyim vəsatətləri qəbul etmədiyi (etiraz edəndə də məni və qardaşımı zaldan çıxarmaqla hədələdiyi) halda, qarşı tərəfə münasibətdə ifrat dərəcədə loyal davranış nümayiş etdirməsi, işin qəsdən uzadılmasında maraqlı olması və zərərçəkmiş tərəfi bezikdirməyə çalışması, o cümlədən təqsirləndirilən şəxsin müdafiəçisinin verdiyi bütün əsaslı və əsassız vəsatətlərini qəbul etməsi, bütün faktlar və ekspert rəyləri ortada ola-ola 3 dəfə təkrar yol-nəqliyyat ekspertizaları keçirmək barədə qərar qəbul etməsi, təqsirləndirilən şəxsin günahsız elan etmək yolu tutması hallarının hakimin prosesdə bitərəfliyinə ciddi və əsaslı şübhələr yaratdığı üçün yazılı şəkildə Binəqədi rayon Məhkəməsinin sədri Araz Nurəddin oğlu Kazımova müraciət edərək A.Sadıqovanın sədrliyinə etiraz bildirmiş və başqa hakimlə dəyişdirilməsini Binəqədi rayon
Məhkəməsinin sədrindən xahiş etmişdim və dəfələrlə protest vermişdim. Lakin Binəqədi rayon Məhkəməsinin sədri bunlara etinasız yanaşdı, cavab verməyi belə lüzumsuz hesab etdi. Eyni zamanda məhkəmə işində obyektiv və hərtərəfli yanaşma sərgiləməyən A.Sadıqovanın prosesdən uzaqlaşdırılması üçün 20 dekabr 2023-cü il tarixində Məhkəmə-Hüquq Şurası sədrinə şikayət ünvanlasam da, mənə Binəqədi rayon Məhkəməsinin sədrinə müraciət etmək təklif olundu. Mən yenidən 09 fevral 2024-cü il tarixində Binəqədi rayon Məhkəməsinin sədri Araz Kazımova müraciət etsəm də, heç bir tədbir görülmədi.
Sizə əminliklə deyə bilərəm ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş işdə Nəsibov Kamran Nəsib oğlunun təqsirli olmasına dair mötəbər dəlillər və kifayət qədər sübutların olmasına baxmayaraq, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi səhv nəticəyə gəlmiş, əsassız olaraq bəraət hökmü çıxarmışdır. Məhkəmənin yollarda avtoqəza terroru ilə məşğul olan bu şəxsi “sürücülük hüququnu məhdudlaşdırmaq” cəzasını verməkdən belə çəkinməsi ciddi və əsaslı şübhələr yaradır. Halbuki cinayət işinin materiallarında yer alan fakta əsasən, Nəsibov Kamranın nəqliyyat vasitəsini idarə etmək hüququ 07.06.2013-cü il tarixindən 07.12.2016-ci il tarixə qədər, yəni 3 il 6 ay müddətinə məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən, nəqliyyat vasitəsinin idarə edilməsi hüququnun məhdudlaşdırılmasının yuxarı həddi 2 il müəyyən edildiyi halda, əvvəllər məhkum edilməmiş K.N.Nəsibovun hansı inzibati xətaları törətməklə, sürücülük hüququndan 3 il 6 ay müddətinə məhrum edilməsi nədənsə hər iki instansiya məhkəməsinin marağna səbəb olmamış və ya qəsdən diqqətdən kənarda saxlanılmışdır. Bu cür yanaşma, hər iki instansiyada qəbul edilən qərarın əsaslılığını şübhə altına alır. Bunu Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Emil Mirzəyevin verdiyi kassasiya protestindəki əsaslandırma da sübut edir:
“Cinayət işinin materiallarında və apellyasiya protestində birinci instansiya məhkəməsinin gəldiyi qənaətin qanuni və əsaslılığını təkzib edən kifayət qədər mötəbər dəlillər olduğu halda, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərin qiymətləndirilməsindən yan keçərək düzgün təhlil aparmamış, ibtidai istintaq zamanı toplanmış sübutları qeyri-obyektiv qiymətləndirməklə, cinayət prosesinin tərəfləri arasında tarazlığı qorumalı və obyektiv baxılmasını təmin etməli olduqları halda, müdafiə tərəfinin təqdim etdiyi əsassız dəlillərə üstünlük verməklə çəkişmə prinsipinin tələblərindən və ədalət mühakiməsi funksiyasından kənara çıxmışlar”.
Göründüyü kimi, hörmətli prokuror da hər iki instansiya məhkəməsinin ədalətsiz qərar çıxardıqlarını təsdiq edir. Bu halda insan hüquq və azadlıqlarının davamlı olaraq qorunduğu dövlətimizdə Binəqədi rayon Məhkəməsinin hakimi Aynurə Vahid qızı Sadıqovanın insan həyatına son qoyulması hadisəsinə bu qədər biganə yanaşma kimi səhv addım atması və ikinci instansiya məhkəməsinin həmin səhvin qarşısını almaq əvəzinə təkrarlaması qanunlara və məhkəmə ekspertizasına meydan oxumaqdır.
Belə ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzi tərəfindən aparılan 4 ekspertizanın rəyinin hamısında (16 mart 2023-ci il, 27.09.2023-cü il, 16.01.2024-cü il və 28.03.2024-cü il tarixli) “QAZ 33021” markalı, 64-BB-498 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Nəsibov Kamran Nəsib oğlunun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olduğu və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanının olması təsdiq edilmişdir.
Qeyd edildiyi kimi, 21 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Emil Mirzəyev qərarın ədalətsiz çıxarıldığını əsas gətirərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən İbrahim İbrahimli) 14 oktyabr 2024-cü il tarixli, 1(103)-1687/2024 nömrəli qərarından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya protesti verib. Eyni zamanda mən də Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəmənin Cinayət Kollegiyasına kassasiya şikayəti vermişəm. Ali Məhkəmədə Cinayət Kollegiyasında 1(102)-713/2025 nömrəli məhkəmə işinin hakim Nazim Mövsümovun sədrliyi ilə baxış iclası 23 aprel 2025-ci il tarixinə təyin edilib. Lakin iki ildən çoxdur qardaşımın ölümünə səbəb olan şəxsin ən yüngül formada belə qanun qarşısında cavab verməsinə nail ola bilmədiyim üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının prokuror tərəfindən verilən kassasiya protesti və mənim verdiyim kassasiya şikayəti ilə bağlı ədalətli qərar çıxaracağına inamım qalmayıb. Buna görə də son çarə olaraq Sizə müraciət edirəm ki, ali hakimiyyətinizdə müvafiq sahəyə nəzarət edən qurumlar vasitəsilə son instansiya – Azərbaycan Respublikası Ali Məhkəməsinin ədalətli və obyektiv qərar çıxarılmasının təmin olunmasına köməklik göstərəsiniz”.
Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsinin bəraət hökmünü qüvvədə saxladığı məhkəmə işinə 23 aprel 2025-ci il tarixində Ali Məhkəmənin Cinayət Kollegiyasında baxılacaq.