Maliyyə hesabatları üzrə 2 milyardlıq təhrif - İtirilən dövlət vəsaiti necə xərclənməlidir?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 15-də keçirilən iclasında Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü il üzrə fəaliyyəti haqqında hesabatı müzakirə olunarkən maliyyə təhrifləri açıqlanıb. Rəsmi məlumata görə, Hesablama Palatasının keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbirləri nəticəsində 2 milyard 66,2 milyon manat məbləğində təhriflər aşkarlanıb.
Aşkarlanan təhriflərin 1 milyard 734,2 milyon manatı auditlər, 332 milyon manatı isə analitik fəaliyyət nəticəsində üzə çıxıb. Maliyyə hesabatlarında məlumatların əks etdirilməməsi və ya yanlış göstərilməsi kimi halların 807,3 milyon manatlıq hissəsi "əhəmiyyətli təhriflər" kimi qiymətləndirilib. Qalan 907,9 milyon manat isə digər maliyyə uyğunsuzluqları ilə bağlıdır. Bundan əlavə, Naxçıvan Muxtar Respublikası üzrə idarənin hesabatında da 19 milyon manatlıq təhrif qeydə alınıb.
Qaynarinfo mövzunu iqtisadçı Natiq Cəfərli ilə müzakirə edib:
- Natiq bəy, maliyyə hesabatlarında hər il bu cür təhriflər təkrarlandığı halda, niyə məsuliyyət mexanizmləri yaradılmır? Bu mexanizm varsa, niyə işləmir?
- Hesablama Palatası hər il büdcə xərcləmələri ilə bağlı arayışlar təqdim edir. Qanunvericiliyə görə, Hesablama Palatasının təqdim etdiyi arayışlar artıq hansısa araşdırma və istintaq işlərinin başlanması üçün təməl yaradır. Çünki qanun da bunu tələb edir. Bu günə qədər, çox təəssüf olsun, Hesablama Palatasının təqdim etdiyi yoxlama nəticələrinə görə hansısa bir cinayət araşdırması, kimlərinsə məsuliyyətə cəlb edilməsi hallarının olması mənim yadıma gəlmir. Belə bir şey olsaydı, ən azından ictimai müzakirələrə səbəb olardı və insaların yaddaşında qalardı.
- Bəs belə olan halda Hesablama Palatasına əlavə səlahiyyət verilməli, statusu artırılmalıdırmı?
Hesablama Palatasının müəyyən qanunvericiliyə əməl edilərək statusu artırılmalıdır. Bundan başqa, onların səlahiyyətinə "Hesablama Palatasının verdiyi rəy əsasında araşdırılma aparılar bilər" sözlərinin əvəzinə, "mütləq araşdırma aparılmalıdır" və "istintaq üçün əsas yaradır" cümlələrini əlavə etmək lazımdır. Bunu ona görə etmək lazımdır ki, əlaqədar orqanlar Hesablama Palatasının rəsmi rəyi yayımlanan kimi araşdırlmaların başlanmasına və günahkarların cəzalandırlmasına başlaya bilsin.
Düşünürəm ki, burda bir boşluq var. Ona görə də mənə elə gəlir ki, qanunvericilikdə bununla bağlı yumşaq ifadələr daha sərt ifadələrlə əvəz edilməlidir. Çünki dünyanın bir çox ölkəsində məhz Hesablama Palatasının rəyi artıq istintaq əməllərinin başlanması üçün əsas yaradır.
- 2 milyard manatlıq təhrif real korrupsiya riski kimi qiymətləndirilə bilərmi?
- Onu qeyd edim ki, bunu dəqiq demək üçün araşdırmanın tamamını oxumaq lazımdır. Bilirsiniz ki, bu araşdırma onlarla səhifədir. Ona görə də bunu əvvəldən dəqiqliklə söyləmək olmaz. Lakin şübhə yaradırmı desək, bəli yaradır. Ən azından korrupsiya əməllərinin olmasına şübhə yaradır.
- Əksər halda belə məlumatlar vətəndaşlar üçün anlaşılmaz və qaranlıq alır. Bu istiqamətdə maarifləndirmə necə aparılmalıdır? Ümumiyyətlə, açıqlanan rəqəmlərin sıravi vətəndaş üçün əhəmiyyəti nə qədərdir?
- 2 milyarddan artıq vəsait hansısa bir korrupsiya yolu ilə mənimsənibsə, yaxud da qeyri-rasioanal xərclənibsə, bu elə vətəndaşın verdiyi, onun vergiləri ilə formalaşmış büdcədir və vətəndaşa xərclənə bilərdi. Məsələn, Azərbaycanda ən çox müzakirə olunan məsələlərdən biri uşaqpuludur. Hər bir 0-18 yaşlı Azərbaycan vətəndaşına 100 manat vermək üçün təqribən elə 1 ildə 2 milyard manata yaxın pul laızmdır. Büdcədən kənarlaşmalar həm də yeyintilərə işarədirsə, bununla bağlı şübhələr varsa, belə çıxır ki, hər Azərbaycan vətəndaşı olan uşağın 100 manatını hər ay bu yolla itirilmiş hesab etmək olar. Çünki ən azıdan uşaqpulunun bir hissəsini bu pullar hesabına vermək mümkün olardı.