Gürcüstan Prezidentinin Azərbaycana səfəri başlayır

Apr 15, 2025 - 12:00
Gürcüstan Prezidentinin Azərbaycana səfəri başlayır

Gürcüstan Prezidenti Mixail Kavelaşvilinin Azərbaycana səfəri başlayır.

Yeniavaz.com “Exo Kavkaza” portalına istinadla xəbər verir ki, bu, onun Gürcüstan Prezidenti kimi ilk xarici səfəridir.

Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradzenin jurnalistlərə verdiyi məlumata görə, səfər çərçivəsində Kavelaşvili Azərbaycan Prezidenti İlham Əliyev, həmçinin Baş nazir Əli Əsədov və Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşlər keçirəcək.

“Bildiyiniz kimi, Azərbaycan Gürcüstanın strateji tərəfdaşı və dost ölkəsidir. İlk səfərin Azərbaycana olması çox vacibdir. Səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə yüksək səviyyəli görüşlər keçiriləcək. Həmçinin, Baş Nazir, Məclisin sədri ilə də görüşlər keçiriləcək. Görüşlərdə ikitərəfli əməkdaşlığın bir sıra məsələləri müzakirə olunacaq. Mən regional təhlükəsizlik, bərpa olunan enerji, ölkələr arasında həyata keçirilən mühüm iqtisadi layihələri xüsusilə qeyd etmək istərdim”, - Pataradze bildirib.

Qeyd edək ki, Gürcüstan Prezidentinin səfəri aprelin 16-da başa çatacaq.