Nazirliyin keçmiş əməkdaşı: "Cavan olmuşam, buraxın, gedim" - MƏHKƏMƏ

Apr 15, 2025 - 18:14
Nazirliyin keçmiş əməkdaşı: "Cavan olmuşam, buraxın, gedim" - MƏHKƏMƏ

Ədliyyə Nazirliyinin keçmiş əməkdaşı Ayxan Novruzov məhkəmə qarşısına çıxıb. O, icra məmuru olub və rüşvət almaqda ittiham edilir.

Qaynarinfo xəbər verir ki, aprelin 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan Ayxan Novruzov ifadə verib. O, törətdiyi əməli etiraf edib və peşmançılığını dilə gətirib.

"Əməlimdən çox peşmanam. Cavan olmuşam, bilməmişəm. Səhvimi boynuma alıram. Pullarını aldığım adamlara da maddi zərəri ödəmişəm, aramızda barışıq olub. Əgər məndə kiminsə pulu qalıbsa, onu da qaytarmağa hazıram. Buraxın, gedim", deyə təqsirləndirilən şəxs məhkəmədən azad edilməsini istəyib. 

Məhkəmə zərərçəkən və şahidləri də dindirib. Zərərçəkən Oqtay Qurbanov təqsirləndirilən şəxsin 1200 manat zərəri ödədiyini və aralarında barışıq olduğunu deyib: 

"Mən bağışlayıram, məhkəmədən də bağışlanmasını xahiş edirəm. Adam mənə vurduğu zərəri ödəyib, sağ olsun".

Hakim isə bildirib ki, bu iş üzrə daha bir neçə zərərçəkən var. Növbəti məhkəmə iclasında onların da dindirilməsi təmin olunacaq. Növbəti proses iclası mayın 13-nə təyin edilib. 

Ədliyyə Naziriliyinin rayon icra şöbələrindən birində icra məmuru işləmiş Novruzov Ayxan Nəsrulla oğlu rüşvət almaqda və dələduzluqda ittiham edilir. Onun barəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş Baş İdarəsində araşdırma aparılıb. Ona Cinayət Məcəlləsinin 311.3.2-ci (Rüşvət alma, təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və birinci instansiya məhkəməsinin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Cinayət işində 11 nəfər zərərçəkmiş qismində tanınıb.