Türkiyənin xarici siyasətində nə baş verir? 

Apr 8, 2025 - 11:25
Türkiyənin xarici siyasətində nə baş verir? 

Ötən yazıda Kıbrıs fiaskosundan bəhs etdik. Söhbət 3 türk dövləti – Qazaxıstan, Özbəkistan və Türkmənistanın Kiprə (rum kəsimi) səfir təyin edərək bu respublikanın bütün ada üzərində hakimiyyətini tanımasından gedir. 

İndi gəlin, son bir ayda Suriyada baş verənlərə nəzər salaq:

1. Martın 10-da ABŞ-ın vasitəçiliyi ilə Suriya rəhbəri Əhməd əş-Şara və “Suriya Demokratik Qüvvələri”nin komandiri Mazlum Abdi arasında imzalanan anlaşmaya əsasən PKK-nın Suriya qolu YPG-nin Suriya ordusunun tərkibinə keçəcəyi elan edildi. Bununla da Türkiyənin terror təşkilatı saydığı silahlı struktur bir anda leqal (qanuni) status qazanmış oldu. ABŞ və İsrail bu addımla yeni bir reallıq yaratdılar: artıq Türkiyə bundan sonra YPG-yə qarşı hərbi əməliyyat keçirə bilməz. Eyni zamanda, bir imza ilə bu məsələ ABŞ-Türkiyə münasibətlərində problem yaradan mövzu olmaqdan çıxdı. Halbuki, faktiki olaraq, dəyişən bir şey yoxdur: YPG kağız üzərində Suriya ordusu komandanlığı altına keçəcək, amma kürd komandirlərin tabeliyində qalacaq; 

2. Suriyada qurulan yeni hökumətdə ölkədəki bütün etnik-dini qrupların təmsilçiləri yer adığı halda, türkmənlərin nümayəndəsinə yer verilmədi. Türkmənlər bundan ciddi şəkildə narazı qalıb. (Son günlər türkmən internet resursları türkmən aktivistlərin Şam hökuməti tərəfindən təqib olunduğu barədə xəbərlər yayır);

3. Aprelin 2-də İsrail Suriyanın Hama, Homs və Şam şəhərləri ətrafındakı hərbi infrastruktura zərbələr endirdi. Bombalanan obyektlər arasında Tiyas (T4) aviabazası da var. Türkiyənin burada aviabaza yaratmaq niyyəti var. İsrail hökumətindəki mənbə açıq şəkildə bildirib ki, bombardmanda məqsəd Türkiyəyə “Suriyada hərbi baza yaratma və İsrailin bu ölkə səmasındakı fəaliyyətlərinə müdaxilə etmə!” mesajı verməkdir. İsrail İranı Suriyadan qovduqdan sonra bu boşluğu başqa bir böyük müsəlman dövlətinin doldurmasını istəmir. İsrail Suriyanın parçalanmasında, yaxud indiki vəziyyətdə (güclü mərkəziyyət olmadan, süquta uğramış halda) qalmasında maraqlıdır. Türkiyənin xarici işlər naziri Hakan Fidanın İsrail bombardmanına reaksiyası belə olub: “Biz Suriyada İsraillə qarşı-qarşıya gəlmək istəmirik. Əgər Suriya İsraillə hansısa anlaşmalar əldə etmək istəyirsə, bu, onların işidir...”  

Xarici siyasətdəki bu uğursuzluqların daxili siyasətə də təsiri ola bilər. Müxalifət bir az bacarıqlı olsa, iqtidara qarşı təbliğatında bu mövzulardan yararlana bilər. Çünki xarici siyasətdə uğur hekayələri düzəldərək bundan daxildə öz legitimliyini gücləndirmək üçün istifadə etmək mövcud hökumətin başlıca fəaliyyət istiqamətlərindən biridir. İndi rəsmi təbliğatın bu yöndə tezislərini puça çıxarmaq üçün ciddi əsaslar yaranıb.

Şahin Cəfərli, politoloq