Xanlar Ağalarovun qurumunda nöqsan: Palata Baş Prokurorluğa müraciət etdi

Apr 15, 2025 - 18:21
Xanlar Ağalarovun qurumunda nöqsan: Palata Baş Prokurorluğa müraciət etdi

 Hesablama Palatasının apardığı kənar dövlət maliyyə nəzarəti tədbirləri nəticəsində Dənizkənarı Bulvar İdarəsi və onun tabeliyindəki qurumlarda dövlət vəsaitləri və əmlakının idarə olunması sahəsində hüquqpozmalara yol verildiyi müəyyən olunub.

"Report" xəbər verir ki, bu barədə Palatanın ötənilki fəaliyyəti ilə bağlı hesabatında bildirilir.

Sənədə əsasən, hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal olunması ilə əlaqədar materiallar Baş Prokurorluğa təqdim olunub.
 
***
 
Qeyd edək ki, bir neçə gün öncə  Dənizkənarı Bulvar İdarəsinin keçirdiyi satınalmada qanunu pozması ilə bağlı məlumat dərc etmişdik. 
 
Həmin məlumatda 90 282 AZN smetası olan satınalmada İdarə "Güvən Lux” MMC -ni qalib edib.

Satınalma müqaviləsinə görə şirkət İdarəyə aradoldurucu, dikt, metal list, profil və s.materiallar alacaq.

Lakin qalib elan edilən şirkətin dövlətə 15 638 AZN vergi borcu var.
 
Xatırladaq ki, Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri Xanlar Ağalarovdur. 
 
Xanlar Ağalarov 2024-cü ilin yanvar ayında bu vəzifəyə təyin edilib.