Salah Anri ilə Holandı ötdü - Mütləq rekorda az qaldı

"Liverpul"un hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqada daha bir unikal göstərici ilə diqqət çəkib.
Fanat.az xəbər verir ki, o, qol və məhsuldar ötürmələrin cəmində rekord qırıb.
"Opta"-nın məlumatına görə, Premyer Liqa 20 komandanın iştirakı ilə keçirildiyi dövrdə onun kimisi yoxdur. Salah bu mövsüm 45 qol+ötürməlik (27 qol + 18 məhsuldar ötürmə) nəticəyə imza atıb.
O, bu göstəricidi Tyerri Anri və Erlinq Holandı (hər ikisində 44 qol+ötürmə) qabaqlayıb. “Arsenal”ın fransız forvardı 2002/03 mövsümündə 24+20, “Mançester Siti”nin norveçli hücumçusu isə 2022/23 mövsümündə 36+8 göstərici ilə yadda qalıb.
Mütləq rekordu qırmaq üçünsə Salaha hələ iki qol lazımdır. Premyer Liqada bütün çempionatlar tarixində ən yaxşı göstərici 1993/94 mövsümündə 47 qol+ötürmə sayı ilə rekord qıran "Nyukasl"ın hücumçusu Endryu Koul və 1994/95 mövsümündə eyni nəticəni təkrarlayan "Blekbern" in hücumçusu Alan Şirerə məxsusdur.
İngiltərə Premyer Liqasının 32-ci turunda "Liverpul" doğma meydanda "Vest Hem" üzərində 2:1 hesablı qələbə qazanıb . "Qırmızılar" hesabı 18-ci dəqiqədə Salahın ötürməsindən sonra Luis Diazın qolu ilə açıb. Qələbə qolunu isə Vircil van Deyk vurub.
"Liverpul"un daha 6 liqa oyunu var. Rəqiblər "Lester", "Tottenhem", "Çelsi", "Arsenal", "Brayton" və "Kristal Palas" olacaq.