İmamoğlunun həbsi Ərdoğana 41 milyard dollara başa gəldi - Qardaş ölkəni çətin sınaqlar gözləyir

Apr 9, 2025 - 14:24
İmamoğlunun həbsi Ərdoğana 41 milyard dollara başa gəldi - Qardaş ölkəni çətin sınaqlar gözləyir

İmamoğlu və CHP-yə qarşı 19 mart əməliyyatından bəri Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 41,5 milyard dollar həcmində əriyib. 

Nəticədə ölkənin net valyuta ehtiyatları 19,3 milyard dollara düşüb. 

Bazarın bu reaksiyası xalq etirazları ilə bərabər Ərdoğanı hazırladığı planın 2-ci və 3-cü bəndlərini həyata keçirməkdən çəkindirən əsas faktordur. Planın 2-ci bəndi İstanbul Böyükşəhər Bələdiyyəsinə qəyyum təyin edilməsi, 3-cü bəndi isə CHP rəhbərliyini uzaqlaşdıraraq partiyanın qəyyum heyətinə verilməsi idi. Bütün bunlar yekun nəticədə əsas müxalif gücün iflic olmasına, seçki institutunun formallığa çevrilməsinə və seçkilərin nəticələrinin seçkilərdən əvvəl müəyyənləşdiyi bir reallığın yaranmasına, başqa sözlə, Türkiyə demokratiyasının dəfninə gətirib çıxaracaqdı. Bu səbəbdən 19 martda başlayan etirazlar və sivil itaətsizlik aksiyaları Türkiyə siyasi tarixinin vacib səhifələrindən biridir və gələcəkdə bu mövzuda kitablar, elmi məqalələr yazılacaq, sənədli filmlər çəkiləcək. 

Türkiyəni diktatura girdabına sürüklənməkdən xilas edən 3 əsas amil var: 

- Kor-topal da olsa, 70 illik demokratiya təcrübəsi və bu müddətdə təşəkkül tapmış demokratik institutlar;
- Dünya iqtisadiyyatına inteqrasiya olmuş bazar iqtisadiyyatı sistemi;
- Təbii sərvətlərin olmaması.   

Əlbəttə ki, təhlükə sovuşmayıb. Ölkənin başında hakimiyyəti nəyin bahasına olursa olsun əlində saxlamağı qarşısına 1 saylı vəzifə kimi qoymuş güc varsa, deməli, Türkiyəni qarşıda çox çətin sınaqlar gözləyir...

Şahin Cəfərli, politoloq