Azərbaycan siqaretin bir “paçka”sını Rusiyaya 35 qəpiyə satıb

Apr 14, 2025 - 15:51
Azərbaycan siqaretin bir “paçka”sını Rusiyaya 35 qəpiyə satıb

Bu ilin ilk iki ayı ərzində Azərbaycan xarici ölkələrə 3 milyon 339 min dollar dəyərində 220 milyon 730 min ədəd siqaret ixrac edib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, siqaret ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə artıb.

Qeyd edək ki, Azərbaycan bu il siqaretləri iki ölkəyə – Gürcüstan və Rusiyaya satıb. Gürcüstana 177 milyon 980 min ədəd, Rusiyaya isə 42 milyon 750 min ədəd siqaret satılıb.

Gürcüstana satılan siqaretin bir qutusunun (20 ədəd) orta gömrük dəyəri 28 sent (48 qəpik), Rusiyaya satılan siqaretin bir qutusunun orta gömrük dəyəri isə 20 sent (35 qəpik) olub.

Məlumat üçün bildirək ki, bu ilin ilk iki ayında Azərbaycanda 2 milyard 26,3 milyon ədəd siqaret istehsal edilib.

Onu da qeyd edək ki, ötən il Azərbaycanda “Azneft”dən sonra ən çox vergi ödəyən şirkət siqaret istehsalı ilə məşğul olan “Tabaterra” MMC olub. Bu şirkət il ərzində dövlət büdcəsinə 689,3 milyon manat vergi ödəyib.

Xatırladaq ki, Vergi Məcəlləsinin 187-ci maddəsinin tələbinə əsasən, aksizli malların, o cümlədən də siqaretin ixracı sıfır dərəcə ilə vergiyə cəlb olunur. Bu səbəbdən də “Tabaterra” MMC-nin büdcəyə ödədiyi vergilər Azərbaycanda satılan məhsullar hesabına formalaşıb.

Hazırda siqaretin hər qutusuna (20 ədəd) 91 qəpik aksiz vergisi tətbiq edilir.