Avropanın ən böyük iqtisadiyyatını qaranlıq gələcək gözləyir - Səbəblər açıqlandı

Almaniya iqtisadiyyatı 2025-ci ildə nəzərəçarpacaq artım göstərməyəcək. ABŞ-ın prezidenti Donald Trampın proteksionist ticarət siyasəti və artan geosiyasi gərginlik ölkənin iqtisadi vəziyyətini daha da ağırlaşdırır.
Qaynarinfo "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, Almaniyanın ümumi daxili məhsulu (ÜDM) 2025-ci ildə iki illik ardıcıl azalmadan sonra cəmi 0,1% artacaq. Bu göstərici əvvəlki proqnoz olan 0,8%-dən aşağıdır. 2026-cı ildə isə 1,3% artım gözlənilir.
Leybnis İqtisadi Tədqiqatlar İnstitutunun iqtisadi araşdırmalar bölməsinin rəhbəri Torsten Şmidt bildirib ki, geosiyasi gərginlik və ABŞ-ın proteksionist ticarət siyasəti Almaniya iqtisadiyyatında onsuz da mövcud olan gərginliyi daha da artırır. O əlavə edib ki, alman şirkətləri xüsusilə Çinlə olan rəqabətin artması ilə üzləşirlər.
Almaniyanın uzun illər ərzində formalaşmış ixrac yönümlü biznes modeli enerji qiymətlərinin artması, Rusiyanın Ukraynaya qarşı başladığı müharibə və ABŞ-ın tətbiq etdiyi tariflər nəticəsində zərbə altına düşüb. Şmidt eyni zamanda ölkədə struktur zəifliklərə - ixtisaslı işçi çatışmazlığına və həddindən artıq bürokratiyaya diqqət çəkib.
Almaniyanın Xristian-Demokrat (XDS/XSS) və Sosial-Demokrat (SPD) partiyaları koalisiya razılaşması imzalayaraq iqtisadi artımı bərpa etməyi hədəfləyir. Bu məqsədlə ölkənin qocalan infrastrukturuna sərmayə yatırımı, korporativ vergilərin azaldılması, elektrik enerjisi qiymətlərinin aşağı salınması və bürokratik xərclərin azaldılması nəzərdə tutulur. Artıq qanunvericilər konstitusiyadakı borclanma məhdudiyyətlərini yumşaldaraq müdafiə sahəsinə sərmayə üçün xüsusi fond yaradılmasına səs veriblər.
Bununla belə, tədqiqat institutları əlavə sərmayələrin hansı sahələrə yönəldiləcəyi ilə bağlı qeyri-müəyyənliyin davam etdiyini və bu il ərzində əlavə vəsaitlərin ayrılmasının real olmadığını qeyd edirlər. 2026-cı il üçün isə 24 milyard avro həcmində əlavə xərclərin iqtisadi artıma təxminən yarım faiz bəndi təsir edəcəyi proqnozlaşdırılır.
Almaniya iqtisadiyyatında son vəziyyət
2024-cü ilin ilk yarısında təxminən 11 min alman şirkəti iflas etdiyini elan edib ki, bu da son 10 ilin ən yüksək göstəricisidir. 2024-cü ilin oktyabrında "Bloomberg" Berlinin "yumşaq tənəzzül" yaşadığını, bu durumun isə Almaniya iqtisadiyyatının ciddi çətinliklərlə üz-üzə qaldığını göstərdiyini yazmışdı.
2024-cü ilin dekabrında isə məlum olmuşdu ki, pandemiyadan əvvəlki dövrlə müqayisədə Almaniyanın iqtisadiyyatı son beş il ərzində 5% azalıb.