“Veysəloğlu” və “Zəfər” İctimai Birliyi 100-dən çox şəhid anası və xanımına iftar məclisi təşkil etdi

”Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin və Veysəloğlu Şirkətlər Qrupunun (VŞQ) birgə təşkilatçılığı ilə müqəddəs Ramazan ayında bir qrup şəhid ailələri üçün iftar məclisi təşkil edilib. Azərbaycanın suverenliyi uğrunda canından keçmiş 100-dən çox şəhidin xanımları və anaları iftar məclisində iştirak edib. Dəvətlilər sırasında VŞQ-nin Bakıdan və regionlardan olan şəhid əməkdaşlarının ailə üzvləri də olub.
Məclis şəhidlərin əziz xatirəsinin yad edilməsi, dövlət himnin səslənməsi və şəhidlərin ruhuna duaların oxunması ilə başlayıb. Tədbirdə Milli Məclisin deputatları: Fatma Yıldırım, Mehriban Vəliyeva, Nigar Məmmədova, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "Oba” marketlər şəbəkəsinin rəhbəri Natəvan İbrahimova, VŞQ-nin maliyyə direktoru Könül Kərimova iştirak edərək şəhid ailələrinə dərin ehtiramlarını bildiriblər.
Çıxışlar zamanı "Zəfər” İB-nin sədri Sevinc Orucova, Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi Aydın Talıbovun həyat yoldaşı Afət Talıbova və Şirkətlər Qrupunun Korporativ Kommunikasiya direktoru Sənubər Nəzərova Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizlə qürur duyduqlarını, dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğını, eləcə də VŞQ-nin şəhid ailələrinin məşğulluğuna verdiyi dəstəyi xüsusi vurğulayıblar. Tədbirdə eyni zamanda bir neçə şəhid anası da çıxış edərək, göstərilən diqqət və ehtirama görə təşkilatçılara dərin minnətdarlıqlarını ifadə ediblər. Şəhidlərin xatirəsinə həsr edilən tədbir bədii hissə ilə davam edib.










