“Rusiya vətəndaşlığı almış 20 min əcnəbi Ukraynaya qarşı döyüşür” – Bastrıkin

“Rusiya vətəndaşlığını alan 20 min əcnəbi Ukraynadakı döyüş bölgəsinə göndərilib”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Sankt-Peterburq Beynəlxalq Hüquq Forumu çərçivəsində danışıb.
“Hərbi istintaq idarəmiz reydlər keçirir. Biz artıq nəinki cəbhə bölgəsinə, heç hərbi komissarlığa getmək istəməyən 80 min Rusiya vətəndaşını yaxalamışıq. Biz 80 mini saxladıq, hərbi xidmətə qeydiyyata aldıq və nədənsə Özbəkistanda, Tacikistanda, Qırğızıstanda yaşamaq istəməyən 20 min gənc Rusiya vətəndaşı cəbhəyə göndərildi”, - Bastırkin deyib.
Qeyd edək ki, Rusiya hüquq-mühafizə orqanları mütəmadi olaraq reydlər keçirir və bu reydlər zamanı Rusiya vətəndaşlığı olan miqrantlara çağırış vərəqəsi verilir və ya hərbi komissarlığa aparılır. Bir sıra hallarda vətəndaşlığa qəbul edilmiş ruslar Rusiya pasportunu itirmək və ölkədən deportasiya olunmaq təhlükəsi ilə müqavilələr bağlamağa məcbur olurlar.