Hibrid avtomobillərin idxalı 3 dəfəyə yaxın artıb – Qiyməti kəskin aşağı düşüb

May 20, 2025 - 14:04
Hibrid avtomobillərin idxalı 3 dəfəyə yaxın artıb – Qiyməti kəskin aşağı düşüb

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycana 616,1 milyon dollar dəyərində 33 min 767 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.

Yeniavaz.com-un apardığı hesablamaya görə, ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil idxalı 21,3% və ya 5 min 929 ədəd artıb.

Qeyd edək ki, bu ilin ilk 4 ayında idxal olunan bir ədəd avtomobilin orta gömrük dəyəri 18 min 247 dollar (31 min 19 manat) olub.

Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə idxal olunan bir ədəd avtomobilin orta gömrük dəyəri 18 min 55 dollar (30 min 694 manat) olub.

Rəqəmlərdən də göründüyü kimi, bir ədəd avtomobilin orta gömrük dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 1,1% və ya 192 dollar (326 manat) artıb.

Qeyd edək ki, artım daha çox daxili yanma mühərriki ilə yanaşı, elektrik mühərriki ilə də hərəkətə gətirilən nəqliyyat vasitələrinin (hibrid) idxalında müşahidə olunub. Belə ki, bu ilin ilk 4 ayında xaricdən 14 min 336 ədəd hibrid avtomobil gətirildiyi halda, ötən ilin ilk 4 ayında bundan təxminən 3 dəfəyə yaxın az – 5 min 111 ədəd avtomobil gətirilib.

İdxal olunan bir ədəd hibrid avtomobilin orta gömrük dəyəri 20 min 86 dollar (34 min 147 manat) olub. Ötən ilin eyni dövründə bu göstərici 31 min 651 dollar (53 min 807 manat) təşkil edib.