Azərbaycandan Türkiyəyə dizel ixracı 16 dəfə artıb – Bir litri 57 qəpiyə

May 20, 2025 - 14:23
Azərbaycandan Türkiyəyə dizel ixracı 16 dəfə artıb – Bir litri 57 qəpiyə

Bu ilin ilk 3 ayı ərzində Azərbaycandan xarici ölkələrə 102 min 291 ton dizel yanacağı (qazoyl) ixrac edilib.

Yeniavaz.com-un rəsmi məlumatlara istinadən apardığı hesablamalara əsasən, Azərbaycanın ixrac etdiyi dizelin 1 litrinin orta gömrük dəyəri 58 qəpik olub.

Azərbaycandan ixrac olunan dizelin böyük bir hissəsi – 82,4%-i Türkiyəyə göndərilib. Türkiyəyə ixrac olunan dizelin miqdarı, ötən ilin eyni dövrü ilə müqayisədə 16,5 dəfə artıb.

Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə ixrac olunan dizelin həcmi builkindən 22,5% və ya 18 min 810 ton az olub. Dizelin ixracı artsa da, gömrük dəyəri ötən illə müqayisədə azalıb. Belə ki, ötən il ixrac edilən dizelin 1 litrinin orta gömrük dəyəri 66 qəpik təşkil edib.

Məlumat üçün bildirək ki, Azərbaycan dizel və digər dizelə bənzər qazoyl növlərini aşağıdakı ölkələrə satıb:

Türkiyəyə – 84 min 287,2 ton (1 litri – 57 qəpik);
Gürcüstana – 6 min 779,8 ton (1 litri – 92 qəpik);
Maltaya – 5 min 69 ton (1 litri – 26 qəpik);
İtaliyaya – 3 min 121,5 ton (1 litri – 29 qəpik);
Birləşmiş Ərəb Əmirliklərinə – 3 min 33,7 ton (1 litri – 83 qəpik).

Xatırladaq ki, ötən ilin 1 iyul tarixindən etibarən Azərbaycanda dizelin pərakəndə satış qiyməti 80 qəpikdən 1 manata qaldırılıb.