Macarıstanda parlament BCM-dən çıxmaq haqqında qanun layihəsini təsdiqlədi

May 20, 2025 - 14:18
Macarıstanda parlament BCM-dən çıxmaq haqqında qanun layihəsini təsdiqlədi

Macarıstan parlamenti ölkənin Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) çıxması ilə bağlı qanun layihəsini təsdiqləyib.

Yeniavaz.com xəbər verir ki, bu barədə qanunvericilik orqanının saytında məlumat verilib.

Məlumata görə, səsvermə zamanı deputatların üçdə ikisindən çoxu sənədin lehinə səs verib.

Qanun layihəsi üzrə yekun səsvermədən əvvəl aprelin sonunda parlamentdə qızğın müzakirələr aparılıb. Hətta o zaman hakim “FİDES - Macarıstan Vətəndaş Birliyi” partiyasının bütün deputatları və onların kiçik tərəfdaşları - Xristian Demokratlar onun lehinə çıxış ediblər. Müxalifətdəki liberal-demokrat partiyalarının nümayəndələri isə bunun əleyhinə olublar.

Sənədi parlamentdə təqdim edən Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, son illər BCM ciddi şəkildə siyasiləşdirilib və beynəlxalq münaqişələrdə öz məqsədlərinə çatmaq üçün müxtəlif dövlətlər tərəfindən istifadə olunmağa başlayıb.

“Macarıstan hesab edir ki, siyasət və geosiyasətə beynəlxalq hüquq təşkilatlarında yer yoxdur”, - nazir bildirib.