Marketlərdə 16 qəpiyə satılan yumurta Syerra-Leoneyə 11 qəpiyə ixrac olunub

May 20, 2025 - 14:10
Marketlərdə 16 qəpiyə satılan yumurta Syerra-Leoneyə 11 qəpiyə ixrac olunub

Bu ilin ilk 3 ayı ərzində Azərbaycandan xaricə ümumi dəyəri 2 milyon 351,3 min dollar olan 36 milyon 37,8 min ədəd toyuq yumurtası ixrac edilib.

Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən verdiyi xəbərə görə, ixrac olunan yumurtanın 1 ədədinin orta gömrük dəyəri 6,5 sent (təxminən 11 qəpik) olub.

Müqayisə üçün qeyd edək ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə yumurta ixracı 14,5% azalıb. Belə ki, 2024-cü ilin ilk 3 ayında Azərbaycan xaricə 42 milyon 845 min ədəd yumurta ixrac edilib.

Qeyd edək ki, bu il ixrac edilən bir ədəd yumurtanın gömrük dəyəri ötən ildəkindən təxminən 28 faiz aşağı olub.
Yumurta ixracı 3 ölkəyə – ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və Syerra-Leonəyə həyata keçirilib.

Birləşmiş Ərəb Əmirliklərinə – 30 milyon 218,4 min ədəd (1 ədədi – 10 qəpik);
ABŞ-yə – 5 milyon 27,4 min ədəd (1 ədədi – 15,8 qəpik);
Syerra-Leonəyə – 792 min ədəd (1 ədədi – 11 qəpik).

Xatırladaq ki, bu ilin ilk 3 ayında Azərbaycanın daxili bazarında 1 ədəd toyuq yumurtasının pərakəndə satış qiyməti 16 qəpik təşkil edib.