Siyasi dəstəyə görə Prezidentə təşəkkür etdi

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif bu gün Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Pakistanın Baş naziri dövlət başçısına Hindistanın ölkəsinə qarşı hərbi hücumları və atəşkəsin əldə olunduğu haqqında məlumat verib.
Məhəmməd Şahbaz Şərif baş vermiş böhran zamanı Azərbaycanın göstərdiyi diplomatik, siyasi dəstəyə və Pakistan xalqı ilə həmrəyliyinə görə təşəkkürünü ifadə edib, bunun ölkələrimiz arasında qardaşlıq münasibətlərinin nümunəsi olduğunu bildirib.
Dövlət başçısı regionda atəşkəsin təmin olunduğunu məmnunluqla qeyd edib, Azərbaycan xalqı və dövləti tərəfindən Pakistana dəstəyin və həmrəyliyin ifadə edildiyini bir daha diqqətə çatdırıb.
Telefon danışığı zamanı ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.