Mirasın əldə edilməsi qaydası dəyişir

May 19, 2025 - 14:08
Mirasın əldə edilməsi qaydası dəyişir

Mirasın əldə edilməsi qaydası dəyişir.

AzToday.org APA-ya istinadla xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Mülki Məcəlləyə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan Mülki Məcəlləyə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
Layihəyə əsasən, vərəsələr mirasqoyanın ölümü ilə mirası qanun əsasında əldə edəcəklər.

Qüvvədə olan qanuna əsasən, mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir.

Layihəyə əsasən, vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, mirasdan imtina edilməsinə bu Məcəllənin 1256-cı maddəsində müəyyənləşdirilən müddət ərzində yol veriləcək.

Qeyd edək ki, Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.