Ərdoğan Türkiyə - Azərbaycan təbii qaz sahəsi üzrə əməkdaşlıq sazişini təsdiqlədi

Apr 18, 2025 - 09:50
Ərdoğan Türkiyə - Azərbaycan təbii qaz sahəsi üzrə əməkdaşlıq sazişini təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında Təbii Qaz Sahəsi üzrə Əməkdaşlıq Sazişini təsdiq edib.

"Report”un məlumatına görə, sazişin təsdiqi barədə məlumat "Resmi Gazete”də dərc olunub.

Xatırladaq ki, saziş 2024-cü il mayın 14-də İstanbul şəhərində imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü il iyulun 8-də Sazişi təsdiqləyib.

Sazişə əsasən tərəflər Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında enerji sahəsində uğurlu əməkdaşlığı təsdiq edirlər və bu əməkdaşlığı genişləndirmək istəyirlər; enerji təhlükəsizliyinin təmin edilməsində bir-birinin və Avropa ölkələrinə eneıji təchizatı mənbələrinin şaxələndirilməsində Azərbaycan Respublikasının və Türkiyə Respublikasının mühüm rolunu təsdiq edirlər; Trans-Anadolu Təbii Qaz Boru Kəməri Sistemi ("TANAP”), Bakı-Tbilisi- Ceyhan Əsas İxrac Xam Neft Boru Kəməri, Bakı-Tbilisi-Ərzurum Qaz Boru Kəməri və "Şahdəniz” yatağının 1-ci və 2-ci mərhələsindən təbii qazın alqı-satqısı üzrə uğurlu əməkdaşlığı vurğulayıblar. Sazişdə əməkdaşlıqla bağlı digər razılaşmalar da əksini tapıb.