Azərbaycanlı futbolçunun əbədi rekordu: SSRİ-də heç kim onu qıra bilmədi

May 24, 2025 - 11:39
Azərbaycanlı futbolçunun əbədi rekordu: SSRİ-də heç kim onu qıra bilmədi

Seul Olimpiadasının çempionu, Azərbaycan futbolunun əfsanələrindən biri hesab edilən İqor Ponomaryov karyerasının böyük hissəsini “Neftçi” klubunda keçirib.

O, bu komandanın heyətində altı dəfə ən sərrast oyunçu olub və bunun sayəsində SSRİ çempionatlarının 100 ən yaxşı bombardiri siyahısına düşüb. Ponomaryov bu siyahıda 66 qolla 75-ci yeri tutub və bu nəticə ilə Kiyev “Dinamo”sundan Pavel Vinkovatov, Donetsk “Şaxtyor”undan Viktor Qraçev və Tbilisi “Dinamo”sundan Şota Yamanidze ilə eyni mövqeni bölüşüb.

Lakin Ponomaryov öz adını SSRİ çempionatlarının tarixinə başqa bir göstərici ilə də yazdırıb. O, ardıcıl ən çox penaltini dəqiq yerinə yetirən futbolçudur: 24 dəfə. Bu rekordu İqor 1988-ci il oktyabrın 11-də, Yüksək Liqanın 25-ci turu çərçivəsində Moskva “Lokomotiv”inə qarşı keçirilən oyunda (1:1) rəsmiləşdirib.

“Bunun sirri emosiyalara nəzarət etmək bacarığında, soyuqqanlılıqda və öz ustalığına olan inamda gizlənir. Mənim penaltini yerinə yetirmək üçün xüsusi bir üsulum var idi. SSRİ-nin tanınmış qapıçıları bu texnikanı bilsələr də, yenə də topu tutmağı bacarmırdılar”, – deyə Ponomaryov “Moskva-Bakı”ya verdiyi müsahibədə bildirmişdi.

Ümumilikdə, Ponomaryov karyerası ərzində 34 penaltidən 31-ni dəqiq yerinə yetirib. Eyni nəticə Odessa “Çernomorets”inin əfsanəvi müdafiəçisi Vladimir Ploskində də olub, lakin onun ardıcıl zərbələr seriyası bir ədəd azdır – 23.

Araşdırmalarımıza görə, İqor Ponomaryovun bu seriyası postsovet məkanında toxunulmaz olsa da, dünya futbolunda daha uzun seriyalar var. Albaniyalı Ledio Pano karyerası boyunca 50-dən çox penaltini uğurla yerinə yetirib və heç birini qaçırmayıb. Bu, dünya futbol tarixində ən uzun ardıcıl penaltidən qol seriyası hesab olunur. İngilis Piter Nobl 28 penaltini ardıcıl olaraq dəqiq yerinə yetirib. Harri Keyn də penaltidən 26 ardıcıl qol vurmağı bacarıb və onun seriyası davam edir.

Bəzi ölkələrdə bu istiqamətdə hesablama və statistika aparılmadığından, dəqiq məlumatlar yoxdur. (Publika.az)