“İstiliklə bağlı tariflər real qiymətdən 13 dəfə aşağıdır” – “Azərenerji” rəsmisi

“Hazırkı tariflər real qiymətdən 13 dəfəyə qədər aşağıdır”.
Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi tərəfindən təşkil edilən “İstilik təchizatı haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai dinləmədə “Azərenerji” ASC-nin Texniki-istehsalat idarəsinin rəisi Vaqif Tağıyev deyib.
O bildirib ki, hazırda Tarif Şurasının qərarı ilə istilik təchizatı ilə əlaqədar 1 kv metr üçün 30 qəpik tarif müəyyən edilib, mövcud tariflərə əsasən “Azəristiliktəchizat” ASC-yə istilik enerjisinin topdansatışı isə 3 manatdır:
“Normativlərdə evlərin sahəsində də fərqlər var. “Xruşşovka”larla yeni tikililər arasında 3 dəfəyə qədər fərq var. Elektrik enerjisinin miqdarına uyğun olaraq, 1 aylıq istilik enerjisinin dəyəri 24-80 qəpik arasındadır. Amma hazırda tariflə 30 qəpik təyin olunub. Hazırkı tariflər real qiymətdən 4-13 dəfə aşağıdır. Hazırda həm elektrik, həm istilik enerjisi sosial tarifdir”.