Bakıda əməkhaqqı nə qədər artıb? – 5,9%, yoxsa 9,7%...

May 30, 2025 - 10:54
Bakıda əməkhaqqı nə qədər artıb? – 5,9%, yoxsa 9,7%...

Bu ilin yanvar-fevral aylarında Bakı şəhərində muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1303 manat 20 qəpik olub.

Yeniavaz.com açıqlanan sonuncu rəsmi məlumata istinadən bildirir ki, orta aylıq nominal əməkhaqqı əvvəlki dövr ilə (yanvar 2025) müqayisədə 29 manat 40 qəpik azalıb.

Belə ki, bu ilin yanvar ayında Bakıda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1332 manat 60 qəpik olub.

Qeyd edək ki, muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrünə (yanvar-fevral 2024) nisbətən 115 manat 70 qəpik artıb.

Onu da bildirək ki, Bakı Şəhər Statistika İdarəsinin məlumatında 2025-ci ilin yanvar-fevral aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqının 2024-cü ilin müvafiq dövrünə nisbətən 5,9% artdığı göstərilir. Amma açıqlanan göstəricilər qeyd olunan dövrdə artımın 9,7% (115,7 manat) olduğunu ortaya çıxarır.

Məsələ ilə bağlı Bakı Şəhər Statistika İdarəsindən Yeniavaz.com-a verilən açıqlamada bildirilib ki, ötən ilin yanvar-fevral ayları ilə bağlı göstərilən məlumatlar ilkin məlumatlardır. İdarədən verilən məlumatda qeyd olunub ki, dəqiqləşdirilmiş məlumatlarda əməkhaqqı ötən ilin yanvar-fevral aylarında 1 230 manat olub.

Məlumat üçün onu da qeyd edək ki, açıqlanan məlumatların ilkin və ya dəqiqləşdirilmiş olduğu barədə Bakı Şəhər Statistika İdarəsinin rəsmi saytında heç bir xüsusi qeyd və ya açıqlama yoxdur. İdarədən verilən məlumatda qeyd olunan texniki problemin həll ediləcəyi bildirildib.