Mask Trampdan ABŞ-nin cavab tariflərinə yenidən baxmağı xahiş etdi

ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask ABŞ Prezidenti Donald Trampdan qarşılıqlı əsasda tətbiq etdiyi əlavə idxal tariflərinə yenidən baxmağı xahiş edib.
Yeniavaz.com bu barədə “The Washington Post” qəzeti iki mənbəyə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, müraciət Maskın sosial şəbəkələrdə Trampın əsas müşavirlərindən birini və onun tariflərlə bağlı siyasətini tənqid etdiyi bir sıra sərt bəyanatlarından sonra baş verib.
Nəşrin yazdığına görə, buna səbəb biznesmenin ABŞ administrasiyasının prioritet fəaliyyət sahələrindən biri ilə razılaşmaması olub.
Qəzetin xatırlatdığı kimi, şənbə günü iş adamı Amerika liderinin ticarət və istehsal üzrə baş müşaviri, tariflərin tətbiqi planının hazırlanmasında əsas rol oynayan Piter Navarronu “X” sosial media platformasında tənqid edib.
Bu isə Maskla Tramp və Navarro arasında səs-küylü fikir ayrılığına səbəb olub.
Maskın müdaxiləsinə baxmayaraq, Tramp öz mövqeyini daha da sərtləşdirib və Çindən idxala yeni 50 faizlik tariflər tətbiq etməklə hədələyib.
Qeyd edək ki, aprelin 2-də Tramp 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumunun tətbiq ediləcəyini bəyan edib. 10%-lik universal tariflər aprelin 5-dən qüvvəyə minib, fərdi tariflər isə aprelin 9-da qüvvəyə minəcək.
Bundan başqa, ABŞ administrasiyası aprelin 3-dən bütün idxal olunan avtomobillərə 25%-lik gömrük rüsumları tətbiq edib.