Rusiyada erməni iş adamı ilə bağlı insident – 6 nəfər saxlanıldı

Jun 4, 2025 - 16:05
Rusiyada erməni iş adamı ilə bağlı insident – 6 nəfər saxlanıldı

“Çərşənbə axşamı Moskvanın Yaroslavsk vağzalında erməni iş adamı və bloger Areq Şepixin (Ohanesyan) dindarların hisslərini təhqir etmək və ləyaqətini alçaldan hərəkətlərə yol verməklə bağlı aparılan istintaq çərçivəsində saxlanılıb”.

Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev öz “Telegram” kanalında bildirib.

O, Çeçenistan Daxili İşlər Nazirliyinin iyunun 3-dən müvafiq araşdırma apardığını qeyd edib.

Dudayev həmçinin qeyd edib ki, Şepixin oğurlanmayıb, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Dudayev onların paytaxtın müvafiq idarələri ilə birgə işlədiklərini bildirib.

Onun sözlərinə görə, bloger açıq şəkildə və dəfələrlə dini və Allahı təhqir edib, etnik təmizləməyə və nasizmə çağırıb, ekstremist fikirlər səsləndirib.

Nazirin sözlərinə görə, Dövlət Dumasının deputatı Adam Delimxanov Şepixinin törətdiyi cinayətlər barədə məlumatları Moskva hüquq-mühafizə orqanlarına ötürüb.

Dudayev qeyd edib ki, Şepixinin cinayətlərinin araşdırılması və cinayət məsuliyyətinə cəlb edilməsi üçün onun barəsində geniş tərkibli müvafiq istintaq hərəkətləri həyata keçirilir.

Digər tərəfdən, polis Moskvanın Yaroslavsk vağzalında baş verən hadisələrdə iştirak edən 6 nəfəri saxlayıb.
Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat mərkəzi məlumat yayıb.

Onlar iyunun 3-də axşam saatlarında saxlanılaraq dindirilmək üçün polis idarəsinə aparılıblar. DİN əlavə edib ki, istintaq materialları daha sonra istintaq orqanlarına göndəriləcək.

Qeyd edək ki, bir gün əvvəl internetdə iş adamı və bloger Areq Şepixinin Yaroslavsk dəmiryol vağzalında oğurlanması ilə bağlı məlumat yayılıb. Bu məlumat müvafiq videolarla müşayiət olunub.