Bıçaqlanan Araz Musayevdən Adil Əliyevlə bağlı iddialar – İcra başçısından reaksiya

Türkiyənin Antalya şəhərində bıçaqlı hücuma məruz qalan Azərbaycan Muay Tay Federasiyasının prezidenti Araz Musayev müalicə aldığı xəstəxanadan videomüraciət yayıb.
O, videomüraciətdə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevə qarşı iddialar səsləndirib.
Araz Musayev iddia edib ki, ona qarşı edilən sui-qəsdi A. Əliyev sifariş verib.
Adil Əliyev Musavat.com-a açıqlamasında Araz Musayevin onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib.
O deyib ki, Araz Musayevin səsləndirdiyi fikirlər əsassız, böhtan və şər xarakterlidir: “Hadisə ilə heç bir bağlılığım yoxdur. Bu barədə məlumatı mətbuat vasitəsilə almışam. Araz Musayevin çarpayıda uzanaraq cəmiyyətə və ölkənin ali orqanlarına təsir etməyə çalışması, ictimai rəyi manipulyasiya etməsi yolverilməzdir. Bu hadisəni törədən bəlli, hadisənin yeri-yurdu bəllidir. Mən Bakıda oturub öz işimlə məşğulam və bu kimi hadisələrdə indiyə qədər heç zaman adım hallanmayıb, hallana da bilməz. Çünki bizim daim bir məqsədimiz olub, o da dövlətimizə, xalqımıza xidmətdir. Araz Musayevin nə düşündüyünü, nə üçün belə böhtan atdığını bilmirəm. Ancaq bildiyim odur ki, bu, iyrənc yalandır. Əlbəttə ki, məni tanıyan kimsə bu yalana inanmır”.
O həmçinin A. Musayevi istintaqı yayındırmaqda ittiham edib:
“Hələ istintaqın nəticələri bəlli deyil. Belə olan halda Araz Musayev tələm-tələsik niyə mənim adımı hallandırır? Deməli ortada istintaqı yayındırmaq cəhdi var. İstintaq hər şeyi ortaya qoyacaq. Nəticəni gözləmək lazımdır”.
Xatırladaq ki, Araz Musayev mayın 28-də Türkiyənin Antalya şəhərində bıçaqlanıb. O, dərhal xəstəxanaya çatdırılıb və əməliyyat olunub. Hadisəni törətməkdə şübhəli bilinən iki nəfərin saxlanıldığı bildirilir.