ABŞ-də konqresmen Trampın impiçment prosesinin başlandığını elan etdi

Konqresin Nümayəndələr Palatasının üzvü Şri Tanedar (Miçiqan ştatından demokrat) ABŞ Prezidenti Donald Trampa qarşı impiçment prosesinin başlandığını elan edib.
Yeniavaz.com xəbər verir ki, o, videomüraciət yayaraq, dövlət başçısını konstitusiyanı pozmaqda və hakimiyyəti qəsb etməyə cəhd etməkdə ittiham edib.
“Bu ölkədə krallarımız yox, prezidentlərimiz var. Bu, liderlik deyil, tiranlıqdır. Əgər bunun davam etməsinə icazə versək, o zaman deyərik ki, prezident qanundan üstündür. Hansı ki, bunun üçün ABŞ Konstitusiyasına ehtiyac yoxdur”, - Tanedar bildirib.
Ümumilikdə, konqresmen yeddi ittiham irəli sürüb. Qanunvericinin fikrincə, Tramp hakimiyyətdən sui-istifadə edir, ədalət mühakiməsinə mane olur, öz tənqidçilərinə və mediaya qarşı düşmənçilik bəsləyir, suveren ölkələri hərbi müdaxilə ilə hədələyir və söz azadlığını pozur.
Tanedar həmçinin prezidenti Hökumətin Səmərəliliyi Departamentini (DOGE) yaratmaqla və DOGE rəhbəri İlon Maska konstitusiyanı birtərəfli qaydada pozmaq səlahiyyəti verməklə qanunsuz agentliklərin yaradılmasında ittiham edib.
Buna baxmayaraq, hazırda Trampı dəstəkləyən Respublikaçılar Partiyası həm Senatda, həm də Nümayəndələr Palatasında çoxluğa malikdir və bu, impiçment cəhdini faktiki olaraq qeyri-mümkün edir.
Qeyd edək ki, Tramp ABŞ tarixində səlahiyyət müddəti ərzində iki dəfə (2019 və 2021-ci illər) impiçment elan edilmiş ilk prezidentdir. Buna baxmayaraq, impişment elanlarının hər ikisi Senatda rədd edilib.
Xatırladaq ki, ABŞ Konstitusiyasına görə, impiçment, prezident də daxil olmaqla, federal məmurların "dövlətə xəyanət, rüşvətxorluq və ya digər yüksək cinayətlər və xırdalıqlar törətməkdə təqsirli bilinəcəkləri" təqdirdə vəzifələrindən uzaqlaşdırılmasını nəzərdə tutur. Nümayəndələr Palatasının ittihamları formalaşdırmaq və irəli sürmək üçün müstəsna imtiyazı var. Konqres üzvləri məsələnin iddiaları araşdıran Nümayəndələr Palatasının Hüquq Komitəsinə göndərilməsi üçün səsvermə təklif edə bilərlər. Onların əsasları təsdiq olunarsa, faktiki ittiham aktı hazırlanır.
Komitə tərəfindən təsdiq edildikdən sonra sənəd baxılmaq üçün Nümayəndələr Palatasının tam iclasına göndərilir. Onun təsdiqi üçün sadə səs çoxluğu tələb olunur. Qərar müsbət olarsa, ittihamlar Konqres Senatına ötürülür və burada prosedur məhkəməyə çevrilir. Ona ABŞ Ali Məhkəməsinin Baş Hakimi rəhbərlik edir. Nümayəndələr Palatası məhkəmədə faktiki olaraq ittiham tərəfi, senatorlar isə münsiflər heyətinin üzvləri kimi çıxış edirlər.
İmpiçmentin baş tutması üçün senatorların ən azı üçdə ikisi səs verməlidir.