İmamoğlunun diplomunun ləğvini rəsmiləşdirmək mümkün olmayıb

Cümhuriyyət Xalq Partiyasından (CHP) prezidentliyə namizəd və İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun universitet diplomunun ləğvi ilə bağlı açıqlama verilsə də, bəzi dekanlar imza atmadığı üçün ləğvi rəsmiləşdirmək mümkün olmayıb.
Yeniavaz.com “NOW Haber”ə istinadla xəbər verir ki, İmamoğlunun universitet diplomunun ləğvi ilə bağlı açıqlamanı martın 18-də İstanbul Universiteti yayıb.
Belə ki, universitet İmamoğlunun namizədliyi ilə bağlı yayılan xəbərlə bağlı aparılan araşdırmadan sonra diplomunun ləğv edildiyini açıqlayıb.
Digər tərəfdən, ləğvetmə elanını İmamoğlunun təhsil aldığı Biznesin idarə edilməsi fakültəsi deyil, universitet rəhbərliyi verib.
Vəkillər qərarın təqdim olunmasını tələb etsələr də, hələ ki, açıqlamadan başqa heç bir rəsmi qərar təqdim edilməyib.
Elektron hökumət sorğularında da İmamoğlu hələ də İstanbul Universitetinin məzunu kimi görünür.
Telekanalın əldə etdiyi məlumata görə, buna səbəb bəzi dekanların qərarı imzalamamasıdır.
Vəkillər qərarın ləğvi üçün məhkəməyə müraciət etmək istəsələr də, rəsmi sənəd olmadığı üçün bunu etmək mümkün olmayıb.
Xatırladaq ki, martın 18-də İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun diplomunun ləğv olunduğu elan edilib. Bir gün sonra isə o saxlanılıb. Martın 23-də məhkəmə korrupsiya ittihamını əsas gətirərək İmamoğlu barəsində həbs qətimkan tədbiri seçib. Daha sonra o, İstanbulun bələdiyyə sədrliyindən uzaqlaşdırılıb.