Yağış yağanda küçələri niyə su basır? – Çarəsi çoxdan tapılıb

Apr 16, 2025 - 17:20
Yağış yağanda küçələri niyə su basır? – Çarəsi çoxdan tapılıb

Ötən gün axşam saatlarından etibarən Bakıya yağan güclü yağışdan sonra şəhərdə bir çox yollar avtomobillər üçün  keçilməz olub, piyadalar isə demək olar ki, yollarda keçid tapa bilmirlər.

Yeniavaz.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə bəzi küçələrin balaca göllərə çevrildiyi aydın şəkildə görünür.

Bəs niyə hər dəfə yağış yağanda Bakı küçələrində eyni vəziyyət təkrarlanır?

Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən (keçmiş “Azərsu” ASC) bildirilib ki, bəzən Bakıda və regionlarda yağıntıların miqdarı normadan artıq olur və kanalizasiya kollektorları yağış sularını daşımaq üçün nəzərdə tutulmadığından sistemlər suyun axıdılmasında çətinlik çəkir.

Mütəxəssislər isə bildirirlər ki, normadan artıq yağan yağış sullarının kanalizasiya kollektorları ilə daşınması artıq köhnəlmiş üsuldur. Halbuki, dünyanın bir çox şəhərləri bu problemi artıq təbiətdən ilham alan üsullarla həll edir.

Böyük şəhərlərdə yağış sularının yollarda toplanmasının qarşısını almaq üçün müxtəlif təbii və ekoloji yönümlü üsullardan istifadə edilir. Bu üsullar həm şəhər dizaynına estetik dəyər qatır, həm də urban ekosistemlərin dayanıqlılığını artırır.

Məsələn, Kopenhagen şəhərində yağış suları birbaşa parklara axıdılır. Xüsusi yollarla yönəldilən su, torpaq tərəfindən sovrularaq həm ekoloji tarazlığı qoruyur, həm də şəhərin yaşıllaşdırılmasına xidmət edir.

Rotterdamda isə meydanlar təkcə əyləncə və idman üçün yox, həm də yağış sularının yığılıb tədricən torpağa hopdurulması üçün nəzərdə tutulub. Sakinlər həmin sahədə futbol oynayır, lakin yağışlı gündə ora kiçik bir su hövzəsinə çevrilir.

Daha maraqlısı isə Seuldadır. Burada bir vaxtlar avtomobillərin hərəkət etdiyi yolun yerində yağışlı günlərdə süni çay axır. Yağış yağanda çay dolur, günəşli havada isə ətrafı park kimi istifadə olunur. Həm turistlərə, həm yerli sakinlərə göz oxşayan bir məkandır.

Portland (ABŞ) şəhərində yağış bağları (Rain Gardens) adlı sistem tətbiq edilir. Bu sitem yollarda və ya binaların yaxınlığında yerləşdirilən xüsusi bitki əkilmiş çuxurlardır. Suyun bir hissəsini torpaq udur, qalanı isə təmizlənərək yerin altına yönləndirilir.

Bəzi şəhərlərdə adi asfalt və beton yerinə, suyu torpağa keçirməyə imkan verən materiallardan istifadə edilir. Məsələn, Sinqapur şəhərində bu cür səthlər yeni urban layihələrdə tez-tez tətbiq olunur.

Binaların damları bitkilərlə örtülür və yağış sularının bir hissəsini udaraq yavaş-yavaş axıdılmasına şərait yaradır. Berlin və Toronto bu texnologiyanı dəstəkləyən şəhərlərdir.

Bu sadalananlar həm də onu göstərir ki, əslində yağış suyu təkcə çətirlərin açıldığı bir hadisə deyil – o, düzgün idarə olunarsa, şəhərin nəfəs alması üçün bir fürsətə çevrilə bilər. Bu gün inkişaf etmiş şəhərlərdə yağışa sadəcə təbii hadisə kimi baxmırlar. Onu resurs kimi görürlər – yaşıllaşma, suvarma, təmiz hava və şəhər estetikasının ayrılmaz hissəsi.