“Məzənnə sabitdirsə, hərrac nəticələrinin açıqlanması əhəmiyyət daşımır” – Taleh Kazımov

Apr 23, 2025 - 14:11
“Məzənnə sabitdirsə, hərrac nəticələrinin açıqlanması əhəmiyyət daşımır” – Taleh Kazımov

Mərkəzi Bankın sədri Taleh Kazımov bu gün keçirilən mətbuat konfransında valyuta hərracları ilə bağlı məlumatların ictimaiyyətə açıqlanmamasına münasibət bildirib.

Mərkəzi Bankın sədri hərracların əsasən Dövlət Neft Fondunun (ARDNF) büdcəyə transfert öhdəliklərinin icrası ilə əlaqədar keçirildiyini bildirib.

Onun sözlərinə görə, hər ilin sonunda ARDNF tərəfindən dövlət büdcəsinə ödəniləcək məbləğ təsdiq edilir və bu vəsait manatla ödənilməlidir:

“ARDNF-in sərəncamında olan valyuta vəsaitləri satılmaqla bu ödənişlər həyata keçirilir. Fond bu satışları ya özü bazara çıxaraq reallaşdıra bilər, ya da bu iş Mərkəzi Bankın vasitəçiliyi ilə – yəni hərraclar vasitəsilə həyata keçirilir. Bu prosesdə Mərkəzi Bank agent funksiyasını yerinə yetirir və valyutanın satışını şəffaf və idarəolunan şəkildə təmin edir”.

Taleh Kazımov bildirib ki, ölkədə fəaliyyət göstərən banklar bu hərraclarda iştirak edirlər:

“Valyuta məzənnəsinin sabit qaldığı və bazarın tələbinin tam qarşılandığı şəraitdə isə, keçirilən hərracların nəticələrinin ictimaiyyətə təqdim olunmasının əhəmiyyət daşımadığını hesab edirlər”.

Kazımov onu da qeyd edib ki, hazırda hərraclar həftədə iki dəfə keçirilir və nəticələr dəyişkən ola bilər:

“Məhz bu səbəbdən Mərkəzi Bank həmin məlumatların ictimaiyyətlə paylaşılmasının məqsədəuyğun olmadığını düşünərək açıqlamaları dayandırıb”.